Latviyanın «AirBaltic» aviaşirkəti Riqa-Bakı-Riqa aviareysləri üzrə uçuşları dayandırıb.
Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, sözügedən marşrut üzrə uçuşlar mövsümi xarakter daşıyıb və hazırda aviaşirkətin qərarı ilə Riqa-Bakı-Riqa aviareysi dayandırılıb: «Bu aviareys üzrə uçuşların gələn ilin yay ərəfəsində bərpa olunacağı gözlənilir. Lakin bu ilin sonunda, yəni Yeni il bayramı ərəfəsində Riqa-Bakı-Riqa birbaşa aviareysin yenidən bərpası da istisna deyil».
Bundan öncə «AirBaltic» aviaşirkətinin satış üzrə regional meneceri Yanis Romans (Janis Romans) «APA-ECONOMICS»ə verdiyi məlumatda aviaşirkətin Riqa-Bakı-Riqa marşrutu üzrə birbaşa sərnişin aviareyslərini müntəzəm həyata keçirmək niyyətində olduğunu bildirib: «Biz bu aviareysi müntəzəm təşkil etmək fikrindəyik. Hər şey tələbatdan asılı olacaq. Şirkət bu istiqamətdə müvafiq təhlil aparacaq ki, tələbat olduğu halda artıq gələn ildən Riqa-Bakı-Riqa marşrutu üzrə uçuşlar müntəzəm həyata keçiriləcək. Ümid edirəm ki, sözügedən aviareysə tələbat kifayət qədər olacaq».
APA