Şamaxıda əlavə 2075 hektar sahədə payızlıq taxıl əkilib
9.1.2017

Şamaxı fermerləri əlavə torpaq sahələri cəlb etməklə cari ilin məhsulu üçün payızlıq taxıl əkini sahələrini 2075 hektar artırıblar.

Rayon statistika idarəsindən bildirilib ki, ümumilikdə, 22 min 112 hektara taxıl səpilib. Bunun 14 min 114 hektarı buğda, 7998 hektarı isə arpadır. Ən çox əkin Sabir və Şəhriyar qəsəbələrində, Qızmeydan, Göylər, Çarhan, Məlhəm və bir sıra digər ərazi vahidlərində aparılıb.

Qeyd edək ki, rayonun taxılçılıqla məşğul olan fermerləri və fiziki şəxsləri mühüm strateji məhsul olan taxılçılığın inkişafı, bu məqsədlə əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması istiqamətində məqsədyönlü tədbirlər görürlər. Hazırda sahələrdə zərərvericilərə qarşı ciddi mübarizə tədbirləri aparılır.

azertag.az