Gəncə şəhərində Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi yekunlaşıb
9.1.2017

Gəncə şəhərinin Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq aparılan yenidənqurma işləri başa çatdırılıb.

Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Layihəyə uyğun olaraq hazırda yol 2 və 3-cü texniki dərəcəyə uyğun, ərazilərdən asılı olaraq 12-18,5 metrə qədər genişləndirilib.

Avtomobil yolunun ilk 8 kilometrlik hissəsi 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Burada 2 hərəkət zolaqlı olmaqla yol yatağının eni 12 metr, yolun hərəkət hissəsinin eni isə 8 metrdir. Yolun 8-19 kilometrlik hissəsi isə 2-ci texniki dərəcəyə uyğun tikilməklə 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Bu hissədə yol yatağının eni 18,5 metr, yolun hərəkət hissəsinin eni isə 12 metrdir.

Layihəyə əsasən, yolboyu hər bir istiqamət üzrə 2 metr enində çiyinlərin, yaşayış məntəqələrindən keçən hissələrdə isə vətəndaşların təhlükəsizliyini təmin etmək üçün 2 metr enində piyada səkilərinin tikintisi işləri də aparılıb.

Piyada səkilərinin kənarlarına və zəruri olan yerlərə 51 min poqonmetr səki daşı düzülüb.

Bundan başqa, tikinti işləri çərçivəsində əkin sahələrinə suların ötürülməsi üçün avtomobil yolunun altından zəruri olan yerlərdə borular qoyulub, drenaj işləri üzrə açıq beton küvetlər tikilib.

Layihə çərçivəsində mövcud dəmir yolu üzərində və yolun 8-ci kilometrində Gəncə çayı üzərində yerləşən avtomobil körpüləri əsaslı şəkildə təmir olunub.

Dəmir yolu üzərindəki körpünün uzunluğu 48 metr, eni 9 metr, yolun hərəkət hissəsinin eni isə 7 metrdir. Gəncə çayı üzərindəki 2 aşırımlı körpünün uzunluğu 63 metr, eni 9 metr, hərəkət hissəsinin eni isə 8 metrdir. Körpülərdə vətəndaşların təhlükəsiz hərəkəti üçün 1 metr enində piyada səkiləri də tikilib.

Yenidənqurma işləri zamanı yolun yararsız qruntu 1 metrə qədər dərinlikdə qazılaraq çıxarılıb və yeni yol yatağı inşa edilib. Daha sonra yol əsasının tikintisi və ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə, 200 min kvadratmetr ərazi asfaltlanıb. Hərəkətin normal təşkili üçün yolun xətlənməsi işləri aparılıb, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb.

Yolun tikintisi ilə yol üzərində yerləşən yaşayış məntəqələrinin sakinlərinin Gəncə şəhərinə, Samux rayonuna və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub, sərnişin və yük daşıması yaxşılaşıb.

azertag.az