Bu gün 22:00-dan sentyabrın 10-u saat 06:00-a qədər Bakı Metropoliteninin 5 stansiyası işləməyəcək. Yeni - Bənövşəyi xəttin tikinti işləri ilə əlaqədar Bakı Metropoliteninin “20 Yanvar-Dərnəgül” sahəsi bağlanacaq.
Metropolitendən verilən məlumata görə, həmin müddət ərzində “20 Yanvar-Dərnəgül” və əks istiqamətdə, qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların (“20 Yanvar”, “Memar Əcəmi”, “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül”) xidmətindən istifadə edə bilməyəcəklər.
Bu müddət ərzində Bakı Metropoliteninin qatarları “Həzi Aslanov-İçərişəhər” və “Həzi Aslanov-İnşaatçılar” istiqamətlərində və əksinə olmaqla hərəkət edəcək.
Həmin müddət ərzində qeyd olunan istqamətlərdə hərəkət etmək üçün sərnişinlərdən digər ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur.
Bakı Metropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.
ANS PRESS