Prezident İlham Əliyev yanvarın 9-da Finlandiyanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Arya İnkeri Makkonenin etimadnaməsini qəbul edib.
Səfir Arya İnkeri Makkonen fəxri qarovul dəstəsinin qarşısından keçib.
Arya İnkeri Makkonen etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra İ.Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı iki ölkə arasında əməkdaşlığın yaxşı təcrübəyə malik olduğunu bildirib. Prezident İlham Əliyev özünün Finlandiyaya, Finlandiyanın dövlət başçısının isə Azərbaycana rəsmi səfərinin əhəmiyyətini qeyd edib. Finlandiya Prezidenti ilə beynəlxalq tədbirlər çərçivəsində görüşlərini də məmnunluqla xatırlayan dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın iki ölkə arasında əlaqələriin mühüm hissəsini təşkil etdiyini deyib. Prezident İlham Əliyev əlaqələrin bir çox istiqamətlərdə, o cümlədən ticarət və nəqliyyat sahələrində, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb. Azərbaycanla Finlandiya arasında əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev səfir Arya İnkeri Makkonenin ölkəmizdəki fəaliyyətinin bu əlaqələrin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Səfir Arya İnkeri Makkonen Finlandiya Prezidenti Sauli Niinistönün salamlarını dövlət başçısına çatdırıb. İki ölkə arasında yaxşı münasibətlərin olduğunu deyən səfir ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və müxtəlif sahələrdə qarşılıqlı səfərlərin artırılması istiqamətində səylərini əsirgəməyəciyini vurğulayıb. Parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunan səfir Arya İnkeri Makkonen Azərbaycan və Finlandiya arasında bu sahədə qarşılıqlı əlaqələrin və səfərlərin vacibliyini qeyd edib.
Prezident İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistönün salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Finlandiyanın Prezidentinə çatdırmağı xahiş edib.
Bundan başqa, dövlət başçısı Perunun Ayeni yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Luis Manuel Santiaqo Markoviç Monasinin etimadnaməsini də qəbul edib. Səfir Luis Manuel Santiaqo Markoviç Monasi fəxri qarovul dəstəsinin qarşısından keçib.
Luis Manuel Santiaqo Markoviç Monasi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Prezident İ.Əliyev səfirlə söhbət edib.
Səfir Luis Manuel Santiaqo Markoviç Monasi Peru Respublikasının Prezidenti Pedro Pablo Kuçinskinin salamlarını dövlət başçısına çatdırıb. O, iki ölkə arasında ikitərəfli əlaqələrin gücləndirilməsi ilə bağlı əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün çox yaxşı fürsət yarandığını deyib. Perulu diplomat iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı nəzərdə tutulan işlər barədə dövləti başçısına məlumat verib.
Prezident İlham Əliyev iki ölkənin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq mədəni əlaqələri genişləndirməyin və xalqlarımızın bir-birini yaxından tanımalarının zəruriliyini vurğulayıb. Siyasi və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin önəmini qeyd edən dövlət başçısı iki ölkə arasında ikitərəfli münasibətlərin genişləndirilməsi, xüsusilə ticarət və turizm sektorlarında əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün imkanların araşdırılmasının vacibliyini diqqətə çatdırıb, iki ölkənin istehsal etdikləri müxtəlif məhsulların qarşılıqlı ixracının mümkünlüyünü bildirib.
Dövlət başçısı Peru Respublikasının Prezidenti Pedro Pablo Kuçinskinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Peru dövlətinin Prezidentinə çatdırmağı xahiş edib.
Prezident İlham Əliyev yanvarın 9-da Estoniyanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Marin Mittusun etimadnaməsini də qəbul edib. Səfir Marin Mıttus fəxri qarovul dəstəsinin qarşısından keçib.
Marin Mittus etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı özünün Estoniyaya, Estoniya Prezidentinin də Azərbaycana səfərini məmnunluqla xatırladıb. Prezident İlham Əliyev iki ölkə arasında çox yaxşı qarşılıqlı anlaşmanın mövcud olduğunu və siyasi sahədə iki ölkənin daim bir-birini dəstəklədiyini qeyd edərək, eyni zamanda bildirib ki, ticarət sahəsində bir o qədər də fəal əməkdaşlıq həyata keçirilmir. Azərbaycanın Estoniyada uzun illərdir səfirliyinin fəaliyyət göstərdiyini vurğulayan dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin fəal əməkdaşlıq etdiklərini deyib.
Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, ikitərəfli münasibətlərin inkişafında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi işinə daha çox önəm veriləcək və bu da öz növbəsində Estoniya ilə Azərbaycan arasında qarşılıqlı idxal-ixrac əməliyyatlarının stimullaşdırılması, imkanların müəyyənləşdirilməsi üçün yaxşı şərait yaradacaq. Dövlət başçısı əlaqələrimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini də qeyd edib, mədəniyyət sahəsində əməkdaşlığın xalqlarımızın bir-birini daha yaxından tanıması baxımından önəmini vurğulayıb. Prezident İlham Əliyev ikitərəfli münasibətlərin Avropa İttifaqı çərçivəsində uğurlu inkişafından məmnunluğunu ifadə edib.
Səfir Estoniya Respublikasının Prezidenti Kersti Kaljulaidın salamlarını Prezident İlham Əliyevə çatdırıb. Xoş sözlərə görə minnətdarlığını bildirən səfir iki ölkə arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini deyərək yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. Səfir iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq həyata keçirdiyini və bir-birilərini dəstəklədiklərini vurğulayıb.
Görüşdə iki ölkə arasında ticarət, nəqliyyat, informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı və mədəniyyət sahələrində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Kersti Kaljulaidın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Estoniyanın Prezidentinə çatdırmağı xahiş edib.
report.az