Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 7 yanvar tarixli qanununun tətbiqi barədə barədə fərman imzalayıb.
Bu qanun insan orqan və ya toxumalarının transplantasiyası (köçürülməsi) ilə bağlı münasibətləri tənzimləyir.
Qanuna əsasən, ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və ya toxumalar transplantasiyanın obyekti ola bilərlər.
Qanun reproduksiya vəzifələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və ya toxumalara, eləcə də qan və onun komponentlərinə şamil edilmir.
Transplantasiya tibbi göstəriş əsasında cərrahiyyə əməliyyatı qaydalarına riayət etməklə aparılır.
Transplantasiyanın qaydaları və şərtləri, onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Digər tibbi üsullarla və meyitdən götürülmüş orqan və ya toxumalar vasitəsi ilə insan həyatının saxlanması və ya sağlamlığının bərpası mümkün olmadıqda, resipiyentə donordan orqan və ya toxumaların transplantasiyasına yol verilir. Donorun yaşı 18-ə çatmadıqda ondan sümük iliyi istisna olmaqla, transplantasiya məqsədi ilə orqan və ya toxumaların götürülməsi qadağandır.
Donorun ölümünə mütləq səbəb ola bilən və ya sağlamlığına təhlükə törədən orqan və ya toxumaların götürülməsi qadağandır.
Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və ya toxumaların götürülməsi qadağandır.
Resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən transplantasiya məqsədi ilə orqan və ya toxumaların götürülməsi yolverilməzdir.
Donordan orqan və ya toxumaların götürülməsi mütəxəssis-həkimlərin konsiliumu nəticəsində müəyyən edilir və donorun yazılı razılığı əsasında həyata keçirilir.
Hər hansı şəxsi orqan və ya toxumaların götürülməsinə məcbur edənlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Orqan və ya toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanılması yalnız ixtisaslaşdırılmış tibb müəssisələrində aparılır.
Orqan və ya toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Transplantasiya barədə tibbi qərar Transplantasiyanın zəruriliyi barədə tibbi qərar müvafiq tibb müəssisəsində müalicə həkimi, cərrah, anestezioloq və zərurət olduqda digər mütəxəssislərdən təşkil olunmuş komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qəbul edilir.
Transplantasiya yalnız resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Bu əməliyyatla bağlı gözlənilən ağırlaşmalar haqqında ona məlumat verilir.
Resipiyent 18 yaşına çatmayıbsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir.
Resipiyentin həyatı təhlükədə olarsa, istisna hal kimi onun özünün, valideynlərinin və qanuni nümayəndəsinin razılığı alınmaya bilər.
Şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədi ilə onun orqan və ya toxumalarından istifadə oluna bilər.
Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və ya toxumalarının götürülməsinə yol verilir.
Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və ya toxumaların gö- türülməsi yalnız mütəxəssis-həkimlərdən ibarət konsilium tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını (“beyin ölümünü”) təsdiq edən inkaredilməz faktın olmasından sonra həyata keçirilə bilər.
Donorun ölüm aktının təsdiqində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən digər maraqlı şəxslərin iştirakı qadağandır.
Donor nəzərdə tutulan cərrahiyyə əməliyyatı ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti, mümkün psixoloji və sosial nəticələri barədə məlumatlandırılmalıdır. Donor kənar təsirlər olmadan orqan və ya toxumaların götürülməsinə yazılı razılığını bildirməlidir.
Donorun hərtərəfli tibbi müayinədən keçməsi və mütəxəssis-həkimlər tərəfindən ondan orqan və ya toxumaların götürülməsinin mümkünlüyü barədə rəy olmalıdır.
Bu qanunun tələblərinin pozulmasına görə şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
report.az