Keçən mövsümdə İsmayıllı rayonunda 894 hektarda kartof əkilib və sahələrdən 9276 ton məhsul istehsal edilib. Bu il isə rayonda əkin sahələrinin 900 hektardan çox olacağı proqnozlaşdırılır.
Rayon icra hakimiyyətindən bildiriblər ki, artıq kartof əkini üçün şum çıxarılıb, kifayət qədər toxum tədarük olunub.
Qeyd edək ki, ötən il rayonun Talıstan, Cülyan və Kürdmaşı kəndlərində sahibkarlar tərəfindən ilk dəfə sənaye üsulu ilə 165 hektar sahədə kartof yetişdirilib. Almaniya və Hollandiyadan gətirilən toxumu müasir texnologiya ilə becərən sahibkarlar hər hektardan orta hesabla 40-50 ton kartof götürüblər. Cari mövsümdə isə onlar sənaye üsulu ilə azı 200 hektar sahədə kartof əkməyi nəzərdə tutublar.
Rayonda kartof əkininə hava şəraitindən asılı olaraq fevralın əvvəllərində başlanılacaq.
azertag.az