2017 Azərbaycan Qran Prisində 1200 marşal iştirak edəcək. 75 nəfəri Bəhreyndən, qalanları isə digər ölkələrdən olmaqla, ümumilikdə 150-170 marşal yarış üçün Bakıya gələcək.
Bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ASAN Radio ilə müqavilənin imzalanması mərasimində deyib.
O bildirib ki, marşal proqramına qeydiyyat prosesinə ötən ilin dekabrın 5-də başlanılıb və bu proses fevralın 1-dək davam edəcək: “İndiyədək 1500-ə yaxın namizəd qeydiyyatdan keçib. Bununla yanaşı, paralel olaraq müsahibə prosesi də aparılır. Marşalların təliminə mart ayında start veriləcək və bunun üçün Bakıda unikal təlim mərkəzi fəaliyyətə başlayacaq”.
N.Arpadarai ümumilikdə 3 min könüllünün qəbulunun nəzərdə tutulduğu Könüllülər Proqramına qeydiyyatın fevralın 28-dək davam etdiriləcəyini söyləyib. Onun sözlərinə görə, indiyədək 6 minə yaxın şəxs könüllü olmaq üçün qeydiyyatdan keçib.
O qeyd edib ki, könüllü olmaq istəyənlər ingilis dilini bilməli, 1 iyun 2017-ci il tarixinə qədər 16 yaşı tamam olmalı, gərgin iş rejimində işləməyi bacarmalı, həvəsli olmalı və ölkəsini təmsil etmək arzusunda olmalıdırlar: “Könüllülərin şəxsi inkişafını təmin etmək məqsədilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tərkibində akademiya fəaliyyət göstərəcək və 2 fevral tarixində bu akademiyanın rəsmi açılışı olacaq. Akademiyada müsahibə mərhələsindən uğurla keçmiş könüllülərin şəxsi inkişafına hesablanmış müxtəlif təlimlər ilə yanaşı, xarici dil üzrə danışıq klubları təşkil olunacaq”.
trend