Azərbaycan Prezidenti: "Bank sektorunun sağlamlaşdırılması ilə bağlı bu il də geniş tədbirlər görüləcək"
11.1.2017

Prezident İlham Əliyev onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlar və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsinin, inflyasiyanın birrəqəmli olmasının vacibliyini vurğulayıb.

Prezident bank sektorunun sağlamlaşdırılması ilə bağlı bu il də geniş tədbirlərin görülücəyini deyib. İ.Əliyev sənaye parklarının yaradılması, kənd təsərrüfatının, xüsusilə də taxıl, pambıq, çay, barama və şərab istehsalının artırılması, valyuta gətirən meyvə plantasiyalarının salınması, heyvandarlığın inkişafı ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətindən danışıb, istehsal olunan məhsullar üçün yeni bazarların tapılmasının vacibliyini vurğulayıb.

Ölkədə infrastrukturun yaradılması, qazlaşdırılmanın aparılması, kənd yollarının tikintisi, içməli su layihələrinin icrası ilə bağlı tapşırıqlarını verən dövlət başçısı hərbi potensialın gücləndirilməsinə dair əlavə tədbirlərin görüləcəyini bildirib, ekoloji tədbirlərin, ölkəyə turist axınının stimullaşdırılmasının, “ASAN Xidmət”in coğrafiyası və funksiyalarının genişləndirilməsinin, Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin birinci mərhələsinin tam başa çatdırılmasının diqqət mərkəzində saxlanıldığını qeyd edib.

report.az