Bu tədris ilinin yaz semestrindən etibarən ADA Universitetinin Akademik və Peşəkar Məqsədlər üçün İngilis Dili proqramı hamı üçün açıq olacaq.
Universitetdən verilən məlumata görə, ali təhsil ocağı belə qərarı ictimaiyyətdən tez-tez aldığı sorğu və xahişlərə cavab əsasında qəbul edib.
Qeyd edək ki, ADA Universitetinin ingilis dili proqramı digər proqramlardan fərqli olaraq sırf təhsil, təlim və peşəkar məqsədlər üçün tərtib edilib və ABŞ-ın aparıcı dil məktəblərində istifadə edilən kurikulum və dərsliklər əsasında tədris olunur. Proqram nəticəsində tələbənin tək qrammatika deyil, bütün dil bacarıqları, o cümlədən dinləmə, danışıq, sürətli oxu, akademik yazı və tənqidi təfəkkür qabiliyyəti inkişaf edir. Dil kursları müxtəlif modullarla - tələbənin dil biliyi səviyyəsi və ehtiyac duyduğu qabiliyyəti az bir zamanda mənimsəməsinə uyğun tədris edilir. İntensiv kurslar 15 həftə ərzində cəmi 300 saat dərs daxil edir və bir və ya iki dil səviyyəsini əhatə edə bilər.
ADA Universitetinin Akademik və Peşəkar Məqdsədlər üçün İngilis dili proqramının direktoru Arzu Məmmdovanın sözlərinə görə, bu tipli təlim proqramı daha çox ingilis dilində ali təhsil almaq, beynəlxalq tədqiqatlar aparmaq və karyeralarında xarici dili geniş istifadə edən şəxslər üçün uyğundur. İngilis dili müasir dünyanın elm və peşəkar inkişaf dili kimi ölkədə son vaxtlar daha geniş istifadə olduğuna görə, ADA Universitetinin dil kurslarına ehtiyac xeyli artıb:
“Proqramımızın ən üstün cəhətlərindən biri onun tətbiqi olmasıdır. Yəni tələbələr dərs zamanı öyrəndikləri dil bacarıqlarını müəllimin dəstəyi ilə, çoxsaylı tapşırıq və layihələri yerinə yetirməklə inkişaf etdirirlər. Həyatın müxtəlif sahələrində gündəlik istifadədə olan mövzularla bağlı reportajlar, müsahibələr, materialların əsas məzmununu aşkar etmək, onlarla bağlı nitq tapşırıqları həyata keçirmək, qrammatik qaydaları təhlil etmək, müəllim nəzarəti altında qrup yoldaşları ilə müzakirə aparmaq və s. kimi tapşırıqlar onların qavrama prosesini asanlaşdırır. Bununla yanaşı, ADA Universitetinin xarici müəllim heyəti tərəfindən aparılan şifahi nitq və dinləmə dərsləri tələbələrin öz bacarıqlarına inamını artırır və çalışmağa həvəsləndirir”.
ADA Universitetinin Akademik və Peşəkar Məqsədlər üçün İngilis Dili proqramı ali təhsil ocağının öz bakalavr və magistr tələbələrinə tətbiq etdiyi proqramdır. Universitetə qəbul edilən tələbələr ingilis dilini bir il ərzində başlanğıc səviyyəsindən onlara ali təhsil almaq imkanı verə biləcək səviyyəyə qədər inkişaf etdirə bilirlər.
Proqrama yaşı 15 və daha yuxarı olan tələbələr sənəd verə bilərlər. Kursları müvəffəqiyyətlə bitirənlərə ADA Universiteti sertifikatı təqdim edilir. Maraqlananı şəxslər proqrama yazılmaq üçün commercialprograms@ada.edu.az ünvanına müraciət edə bilərlər.
trend