Ötən il Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu 65 mindən çox turist ziyarət edib
12.1.2017

Ötən il Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu 65 mindən çox turist ziyarət edib.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, qoruğu ziyarət edənlərin sayının artması bir sıra mühüm amillərlə bağlıdır: "Belə ki, qoruğun ərazisində yeni muzey istifadəyə verilib, yerli və xarici turistlərin bu tarixi məkana üz tutmaları üçün lazımi işlər görülüb. Məhz bütün bunların bariz göstəricisi olaraq paytaxt Bakıdan 56 kilometr aralıda yerləşən qoruğu 2016-cı ildə ziyarət edənlər 65 min 816 nəfər təşkil edib. Bu da 2015-ci illə müqayisədə 56 faiz çoxdur".
Məlumata görə, ziyarətçilərin sırasında xarici vətəndaşlar üstünlük təşkil edib. Ötən il Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna gələn xaricilər arasında Rusiya vətəndaşları çoxluq təşkil edib. Xarici turistlərdən 8155-i Rusiya, 6811-i ərəb ölkələri, 1582-si Çin, 1464-ü Almaniya, 1320-si İran, 1215-i Yaponiya, 1040-ı ABŞ, 974-ü Türkiyə, 864-ü İtaliya, 852-si İngiltərə, 620-si isə Fransa vətəndaşları olub.
Bununla yanaşı, 2016-cı il ərzində qoruğa 2626 ekskursiya təşkil edilib. Onlardan 407-si Azərbaycan, 763-ü ingilis, 1456-sı isə rus dilində aparılıb.
Eyni zamanda, digər 8733 xarici turist isə müxtəlif ölkələri təmsil edib. Bütün bunlar Azərbaycanın, onun tarixi keçmişinin və müasir inkişafının öyrənilməsi və təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.

report.az