Sentyabrın 24-dən 30-dək Rusiyanın paytaxtı Moskva şəhərində beynəlxalq etnoqrafik kino günləri festivalı keçiriləcək.
Festivalda Azərbaycanı Rusiyada yaşayan həmyerlimiz, rejissor-prodüser, bir sıra beynəlxalq kino müsabiqələrinin laureatı Rodion İsmailovun “Köç” sənədli filmi təmsil edəcək.
“Köç” filmi Azərbaycan və onun qədim adət-ənənələrini özündə əks etdirir. Filmdə Azərbaycanda bütün ömrü boyu yaylaqlardan qışlaqlara köç edən çobanların çətin və maraqlı taleyi işıqlandırılıb. Nəsildən-nəslə keçən bu çətin peşəni çobanlar səbir və məharətlə davam etdirirlər.
Film 2010-cu ildə Azərbaycanın “DS film” studiyasında istehsal olunub. 52 dəqiqəlik ekran əsərinin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb.
“Köç” filmi bundan əvvəl də bir sıra beynəlxalq festivallarda nümayiş olunub.
Dünyanın 30-dan çox ölkəsindən rejissorların iştirak etdikləri festivalın məqsədi Asiya və Avropa ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə nail olmaqdır. Festivalda komediya, sənədli, idman və uşaq filmləri nümayiş etdiriləcək.
Gün.Az