Yanvarın 13-də Qərb Universitetində Paris-Sorbon Əbu-Dabi Universitetinin (PSUAD) fransız dili təməl mərkəzi açılıb.
Açılış mərasimində Qərb Universitetinin rektoru Zemfira Məmmədova rəhbərlik etdiyi ali məktəbin fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə məlumat verib. Rektor qeyd edib ki, Qərb Universiteti yarandığı gündən dünyanın aparıcı təhsil, elm mərkəzləri ilə əməkdaşlıq qurub və birgə layihələr həyata keçirir.
Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez Azərbaycan və Fransa arasında təhsil sahəsində həyata keçirilən layihələrdən bəhs edib. Fransız dili təməl proqramının tədrisinin yüksək ixtisaslı professorlar tərəfindən həyata keçirildiyini deyən səfir mərkəzin fəaliyyətinə uğurlar arzulayıb.
Paris-Sorbon Əbu-Dabi Universitetinin dünyada ən nüfuzlu təhsil müəssisələrindən biri olduğunu deyən O. Buşez qeyd edib ki, bu təhsil müəssisəsi XII əsrdə əsası qoyulmuş Paris Sorbon Universitetinin təhsil sahəsindəki əlamətdar irsini davam etdirir.
Paris-Sorbon Əbu-Dabi Universitetinin rektoru, professor Erik Fuşe rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Qərb Universiteti ilə əməkdaşlığından məmnunluğunu bildirib. E.Fuşe qeyd edib ki, Fransız dilinin tədris proqramı “Dillərin öyrənməsi, tədrisi və qiymətləndirilməsi üzrə Ümumavropa çərçivə sənədi”nin (CECR) tərkib hissəsidir. Bu əməkdaşlıq çərçivəsində Qərb Universitetində fransız dili təməl proqramını müvəffəqiyyətlə bitirən tələbələr Paris Sorbon Əbu-Dabi Universitetinin diplomunu alacaq və Fransanın istənilən universitetində təhsillərini davam etdirmək imkanı qazanacaqlar.
azertag.az