Əlyazmalar İnstitutunda gənc kitabşünasların elmi fəaliyyətinə dəstək göstərilir
16.1.2017

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Gənc kitabşünasların, biblioqrafiyaşünasların və kitabxanaşünasların elmi fəaliyyətinə dəstək” layihəsi uğurla həyata keçirilir.

İnstitutdan bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə səkkizinci qrant müsabiqəsi çərçivəsində reallaşdırılan layihənin məqsədi informasiya cəmiyyətinin sürətlə inkişaf etdiyi müasir mərhələdə Azərbaycanda peşəkar gənc kitabşünasların, biblioqrafiyaşünasların və kitabxanaşünasların elmi-mədəni və təhsil sahələrində fəallığını daha da artırmaq, gəncləri ölkəmizin kitabşünaslıq, biblioqrafiyaşünaslıq və kitabxanaşünaslıq sahələri üzrə zəngin sənəd-informasiya resursları ilə tanış etməkdir.

Bu məqsədə nail olmaq üçün xalqımızın tarixi, mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsinin toplanıb saxlanılması, nəsildən-nəslə çatdırılması, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına dair kitabşünaslıq, biblioqrafiyaşünaslıq və kitabxanaşünaslıq sahələrində aparılan elmi tədqiqatları əks etdirən zəngin sənəd-informasiya resurslarının öyrənilməsi və s. məsələlər planlaşdırılır.

azertag.az