Azərbaycan xalçaları Hannover sərgisində nümayiş olunur
16.1.2017

Azərbaycan xalçaları Almaniyanın Hannover şəhərində keçirilən DOMOTEX beynəlxalq satış sərgisində nümayiş etdirilir.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, sərgidə Azərbaycan xalçaçılıq məktəbinin ən gözəl nümunələri- İrəvan, Naxçıvan, Qarabağ, Bakı, Təbriz, Gəncə, Quba, Şirvan və Qazax-Borçalı xalçaları nümayiş olunur.
Məlumata görə, ilk dəfə Hannover sərgisində iştirak edən “Azərxalça”nın məhsullarını sərgi iştirakçıları böyük maraqla qarşılayıblar.
Sərgidə iştirak edən nümayəndə heyətinə “Azərxalça” ASC-ni sədr müavini Orxan Rzayev rəhbərlik edir.
Sərgi yanvarın 17-dək davam edəcək.
Qeyd edək ki, DOMOTEX beynəlxalq sərgisi ilk dəfə 1989-cu ildə keçirilib. O vaxtdan bu yana hər il dünyanın xalçaçılıq sahəsinin aparıcı istehsalçıları, topdan və pərakəndə satış təmsilçiləri , interyer dizaynerləri, memarlar Almaniyanın Hannover şəhərində keçirilən ənənəvi xalça satış sərgisində bir araya gəlirlər. DOMOTEX xalça bazarının müasir vəziyyətini, bu sahədə olan texnoloji nailiyyətləri öyrənmək baxımından geniş imkanlar yaradır.

report.az