Ötən il Astaraya gələn turistlərin sayı beş dəfədən çox artıb
17.1.2017

Ötən il Astara rayonuna gələn turistlərin sayı beş dəfədən çox artıb. Bu baxımdan gözəl və mənzərəli təbiətə malik Kijəbə qəsəbəsinin ərazisində müasir tələblərə cavab verən otellərin tikilməsi rayona turist axınını xeyli artıra bilər.

Bu fikirlər yanvarın 16-da Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında səslənib.

Yığıncaqda ərazi icra nümayəndəsi Şahin Əmənullayevin hesabat məruzəsi dinlənilib. Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar rayonun hər yerində olduğu kimi, Kijəbə qəsəbə ərazi icra nümayəndəliyində yerləşən yaşayış məntəqələrində də tikinti-quruculuq işləri aparılıb, kəndlərin qazlaşdırılması davam etdirilib, elektrik təsərrüfatının yenidən qurulması sahəsində mühüm tədbirlər görülüb. “İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi” çərçivəsində Ojəkəran, Tülagüvan, Şəmətük, Qəcimardə icmaları yaradılıb və onların köməkliyi ilə 27 kilometr kəndarası yollar təmir edilib. Ərazidə yerləşən Burzubənd-Ojəkəran yolu asfaltlaşdırılıb, Kijəbə qəsəbə sahə xəstəxanası, mədəniyyət evi və uşaq bağçası əsaslı təmir olunub.

Ötən il qəsəbədə təhsil sahəsində də bir sıra uğurlar qazanılıb. Təhsil Nazirliyinin 2016-cı ildə keçirdiyi “Elektron təhsil” müsabiqəsində Kijəbə qəsəbə tam orta məktəbi respublika məktəbləri arasında üçüncü yerə layiq görülüb.

Diqqətə çatdırılıb ki, ərazi icra nümayəndəliyində kənd təsərrüfatının inkişafına diqqət artırılıb, fərdi təsərrüfatlarda 300 hektardan çox sahədə əkin aparılıb, sitrus meyvələrinin istehsalı 18 min tona çatdırılıb. Qəsəbənin ərazisində istifadəsiz qalan torpaqlar birləşdirilərək yeni sitrus sahələri salınır. Çayçılığın inkişafı üçün qüvvələr səfərbərliyə alınıb. Eyni zamanda, baramaçılığın inkişafı məqsədilə nümayəndəliyin ərazisində 1500 ədəd tut tingi əkilib.

Hesabat yığıncağında çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən danışaraq bildirib ki, dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq, ölkəmizdə əhalinin maddi rifah halının yaxşılaşdırılması, əmin-amanlığın və sabitliyin təmin olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Q.Ağayev qeyd edib ki, dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan ən mühüm vəzifələrdən biri də kənd təsərrüfatının intensiv inkişafına nail olmaq, mövcud əkin sahələrindən səmərəli istifadə edilməsi üçün bütün imkanları səfərbərliyə almaqdır. Bu istiqamətdə Astara rayonunda bir sıra uğurların qazanıldığını vurğulayan icra hakimiyyətinin başçısı kənd təsərrüfatında əkin sahələrinin iki dəfədən çox genişləndirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, ötən il sitrusçuluq, çayçılıq və çəltikçilik sahəsində yüksək göstəricilər əldə edilib. Kijəbə qəsəbəsində sitrusçuluq sahəsində əldə edilən uğurlar da fərəhlidir.

Talış dağlarının ətəyində yerləşən qəsəbənin ərazisi ecazkar təbiətinə görə turistlərin diqqətini cəlb edir. Buna görə də ekoturizmin inkişafına diqqət artırılmalıdır.

Yığıncaqda çıxış edənlər qəsəbədə küçələrin və kəndarası yolların təmiri, Qəcimardə kəndində körpünün tikintisi, yeni idman meydançasının salınması, Kijəbə-Maşxan avtomobil yolunun asfaltlanması, suvarma su xəttinin çəkilməsi ilə bağlı təkliflərini bildiriblər.

azertag.az