“Müqəddəs məkan Naxçıvan” kitabı işıq üzü görüb
17.1.2017

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nərgiz İsmayılovanın “Müqəddəs məkan Naxçıvan” kitabı işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin qərarı ilə nəşr olunan kitabda müəllifin son illər Naxçıvan haqqında yazdığı bədii əsərləri, publisistik və elmi məqalələri yer alıb. Əsərlər Naxçıvanın orta əsrlərdən başlayaraq müasir dövrümüzədək keçdiyi kəşməkəşli yolu özündə əks etdirir. 270 səhifəlik yeni nəşrin ilk səhifələrində “Əcəmi” povesti, Möminə Xatun pyesi və hekayələr oxuculara təqdim olunur.

Publisistik məqalələr bölməsində tanınmış naxçıvanlı alim, təbib, şair, sənətkarlar haqqında maraqlı faktlarla zəngin yazılar işıqlandırılıb. Tanınmış naxçıvanlılardan Baba Nemətullah, Nəcməddin, Əkmələddin, Əmirəddin Məsud, Əhməd Əli oğlu əl-Hafiz, Osman Salman oğlu Naxçıvani və digərlərinin həyat və yaradıcılıqları əks olunub. Sözügedən bölmədə müxtəlif illərdə yaşayıb-yaradan Naxçıvan elmi-ədəbi, ictimai-siyasi, mədəni mühitinin Azərbaycan tarixinə, ədəbiyyatına, elminə, mədəniyyətinə bəxş etdiyi naxçıvanlılar barədə məlumatlar verilib.

Kitabda Azərbaycan ədəbiyyatında Şərq və Qərb mövzusuna da toxunulur. Gənc tədqiqatçının “Sovet dövründə Naxçıvan ədəbi mühitində Qərb ədəbi ənənəsinin zəifləməsinin səbəbləri və nəticələri”, “Naxçıvan ədəbi mühitində Qərb amili”, “Məhəmməd Tağı Sidqinin ədəbi-elmi pedaqoji fəaliyyətində Şərq və Qərb”, “Cəlil Məmmədquluzadə: Şərq-Qərb meyillərindən milli özünəməxsusluğa” və digər elmi məqalələri diqqəti cəlb edir.

Nəşrdə müəllif XIX-XX əsr Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndələrinin bir neçəsinin yaradıcılıq yoluna nəzər salır, onların əsərlərini ayrı-ayrılıqda təhlil edir və bir tədqiqatçı kimi Naxçıvan ədəbi mühitinin formalaşmasında misilsiz xidmətləri olan və ən əsası o dövrün mühitində yazıb-yaradan dəyərli maarifpərvər yazıçılarımızın əsərlərinin bir sıra məqamlarını “Müqəddəs məkan Naxçıvan”ın oxucusu ilə bölüşür.

azertag.az