Yanvarın 16-da IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AISGOC) mayın 12-22-də Bakıda keçiriləcək bu mühüm idman yarışını işıqlandırmaq arzusunda olan media nümayəndələri üçün akkreditasiya prosesini açıq elan edib.
AISGOC-dan bildiriblər ki, bu məqsədlə media nümayəndələri Oyunların rəsmi saytının müvafiq bölməsinə (https://ems.baku2017.com/ArenaEvent/) daxil olaraq, qeydiyyat prosesi barədə ətraflı məlumat toplayıb, akkreditasiya üçün müraciət edə bilərlər. Bölmədə media nümayəndələri üçün akkreditasiyadan keçmək məqsədilə qoyulan tələblər, eyni zamanda, Oyunlar vaxtı onlara yaradılacaq şərait və təklif edilən xidmətlər barədə ətraflı məlumat yer alıb.
Akkreditasiya yazılı mətbuat, fotoqraflar və rəsmi yayım hüququ olmayan televiziya və radio şirkətləri üçün nəzərdə tutulur. Media nümayəndələri akkreditasiya ilə bağlı martın 31-dək müraciət etməlidirlər. Həmin gündən sonra edilən müraciətlərə baxılmayacaq.
Daha ətraflı məlumat üçün pressoperations@baku2017.com elektron poçt ünvanı ilə əlaqə saxlamaq lazımdır.
azertag.az