Şahmat Olimpiadası-2016 Azərbaycanda keçiriləcək
10.9.2012

Azərbaycan Dünya Kuboku-2015 və Şahmat Olimpiadası 2016nın keçirilməsi hüququnu əldə edib.

Bu qərar İstanbulda Polat Renaissance otelində keçirilən FİDE-nin Konqressinin baş assambleyasında verilib.

Əvvəlcə Olimpiadanın keçirilməsinə Bakı Albena (Bolqarıstan) və Tallinn (Estoniya) iddia etsə də sonradan Bolqarıstan və Estopniyanın ərizələri qəbul edilməyib. Buna görə də Bakının namizədliyi müzakirə edilməyə başladı. Lakin burada da başqa bir problem yarandı: Ermənistan nümayəndələri Bakının Olimpiadanın keçirilməsi hüququnu əldə etməsinə etiraz etməyə başladılar. Onlar erməni şahmatçılarının Bakıda çətin oynayacaqlarını bəhanə gətirirdilər.

Azərbaycan Gənclər Fondunun direktoru Fərhad Hacıyev ərizəmizlə bağlı çıxış etdi. Qonaqlara Azərbaycan haqqında videorolik nümayiş etdirildi.

Daha sonra isə söz Gənclər və İdman naziri Azad Rəhimova təqdim edildi.

“Bakı Dünya kuboku-2015 və Şahmat Olimpiadası 2016-nı ən yüksək səviyyədə keçirməyə qadirdir. Bizim hər cür şəraitimiz və infrastrukturumuz var.

Azərbaycan dünyanın şahmat mərkəzlərindən biridir. Bizdə şahmata böyük vəsait yatırılır. Biz çoxsaylı turnirlər təşkil etmiş ölkəyik. Tezliklə ölkəmizdə yeniyetmə qızlar arasında futbol üzrə dünya çempionatı keçiriləcək. Erməni idmançılar artıq Azərbaycana gəlib və yarışlarda da iştirak ediblər.

Onların təhlükəsizliyinə zəmanət verilib və bu zəmanət tam yerinə yetirilib. Boks üzrə dünya çempionatında erməni soyadlı rusiyalı idmançı Aloyan qalib gəlib. Bu da onu göstərir ki, Bakıda həm də qalib gəlmək olar.

Viza məsələsinə gəlincə bu məsələdə də bizim artıq təcrübəmiz var. Avroviziya mahnı müsabiqəsini bütün iştirakçıları viza aldılar və bu zaman heç bir problem yaşanmadı. Olimpiadada da belə olacaq. Erməni idmançılar üçün də viza almaq problemsiz olacaq.

Erməni nümayəndə bu zaman dedi: “Erməni şahmatçılar heç zaman Bakıya gəlməyəcək. O necə Bakıya gələ bilər və 5 saat şahmat oynaya bilər? Bu zaman o nə haqda düşünəcək? Şahmat haqda, yoxsa sag qalmaq haqda? Əgər Azərbaycan şahmat Olimpiadasının keçirilməsi hüququnu əldə edəcəksə o zaman Ermənistan orda iştirak etməyəcək. 20 il müddətində Azərbaycan idmançıları Ermənistana gəlməyiblər”.

“Azərbaycan cüdoçuları İrəvanda keçirilən Avropa Çempionatında iştirak edib və hər şey qaydasında olub”, deyə A. Rəhimov erməninin cavabını verib. Biz bütün iştirakçıların o cümlədən Ermənistanın təhlükəsizliyinə dövlət zəmanəti veririk.

Bundan sonra FİDE-nin prezidenti Kirsan İlyumjinov çıxış edərək, Olimpiadanın Azərbaycanda keçirilməsini təklif edib. Onun təklifi dəstəklənib.

“1996-cı ildə biz Olimpiadanı İrəvanda təşkil edib. Nəyə görə, növbəti Olimpiada 2016-cl ildə Bakıda keçirilməsin? Mən həm Azərbaycana, həm də Ermənistana səfər etmişəm. Biz Ermənistan prezidenti ilə Olimpiadanın Azərbaycanda keçirilməsi məsələsini müzakirə etmişik. Daha sonra mən Azərbaycan prerzidenti İlham Əliyevlə görüşmüşəm. Hər iki prezident mənim dostumdur. Biz tez-tez zəngləşirik. Olimpiada hələ 4 ildən sonra keçiriləcək və ola bilsin ki, bu müddətdə Ermənistan-Azərbaycan münaqişəsi öz həllini tapa bilər. Gəlin şahmat oynayaq!”.


Gün.Az