Türkiyə nümayəndə heyəti Naxçıvanda istehsalat və mədəniyyət müəssisələri ilə tanış olub, sahibkarlarla görüşüblər
18.1.2017

Qardaş Türkiyə Respublikasının İqtisadiyyat Nazirliyinin İxracat Müdirliyinin dairə rəhbəri Tayfun Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.

Səfər çərçivəsində qonaqlar muxtar respublikanın bir sıra istehsalat və mədəniyyət müəssisələri ilə tanış olub, Naxçıvanda fəaliyyət göstərən sahibkarlarla görüş keçiriblər.

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı qeyd olunub ki, muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 4 min 600-dən çox eksponat toplanıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə (1991-1993-cü illər) aid şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb.

Naxçıvan Biznes Mərkəzində qonaqlara məlumat verilib ki, mərkəzdə muxtar respublikanın yerli məhsulları olan kərpicdən mebel dəstinə, kiçik plastik hissələrdən dam örtüyünə, mineral sulardan ərzaq məhsullarına, Naxçıvan duzundan konservləşdirilmiş qovurmaya qədər 900-dən çox müxtəlif məhsullar nümayiş etdirilir. Muxtar respublikamızdakı iri özəl sektor təmsilçiləri olan Gəmiqaya, Dizayn, Araz, Cahan holdinqləri, Zümrüd Kiçik Müəssisəsi, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutub. Mərkəzdə milli dəyərlərimizin mühüm nümunələri olan xalçaçılıq, dekorativ-tətbiqi sənət, dulusçuluq, rəssamlıq və ağac üzərində oyma işləri də sərgilənir.

Qeyd edilib ki, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi hesabına hazırda muxtar respublikada 366 növdə məhsul istehsal olunur. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bütün bunlar iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, özəl sektorun inkişaf etməsinə yaradılan şəraitin bəhrəsidir.

Sonra Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin, Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin Ticarət Müşavirliyinin və Naxçıvandakı Baş Konsulluğunun nümayəndələrinin də iştirakı ilə muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Görüşdə muxtar respublikada istehsal edilən məhsulların Türkiyənin yaxın vilayətlərinə ixrac edilməsi imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşıya çıxan problemlərin həllinin vacibliyi qeyd olunub. Bildirilib ki, Türkiyə hökumətinin müəyyənləşdirdiyi kvotaya əsasən ölkənin Qars və İqdır vilayətlərinə muxtar respublikadan 150 milyon ABŞ dolları həcmində sənaye və kənd təsərrüfatı məhsullarının ixrac edilməsi imkanları diqqətdə saxlanılır. Türkiyə tərəfi həmin məhsullar üçün gömrük rüsumunu ləğv edib. Bu və digər məsələlərə dair muxtar respublikada fəaliyyət göstərən sahibkarların qarşılaşdığı problemlərin həlli Türkiyə hökuməti tərəfindən diqqətdə saxlanılacaq və lazımi addımlar atılacaqdır.

Muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşdən sonra türkiyəli qonaqlar “Gəmiqaya Bərəkət Ət Məhsulları Kompleksi” ilə tanış olublar. Ümumi sahəsi 20 min kvadratmetr olan kompleksdə iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsim sexləri, kolbasa və sosiska istehsalı sahələri, soyuducu kameralar, iş otaqları, hazır məhsulların satışı mağazası mövcuddur.

Naxçıvan Sənaye Kompleksinə gələn nümayəndə heyətinə məlumat verilib ki, kompleksin ümumi sahəsi 9 hektardır və özündə 4 zavodu birləşdirir. Bunlar gips, gips lövhələr, əhəng və məsaməli beton istehsal edən zavodlardır. Müasir avadanlıqların quraşdırıldığı zavodlarda istehsal prosesini avtomatik idarəetmə və təhlükəsizliyə videonəzarət sistemləri yaradılıb. Kompleks istifadəyə verildikdən sonra muxtar respublikada müvafiq tikinti materiallarına tələbatın yerli istehsal hesabına ödənilməsi təmin olunub. Müəssisənin fəaliyyəti yerli inşaat materiallarının ixracına da imkan verir.

Türkiyədən gələn nümayəndə heyəti “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində də olublar. Xan sarayı və Möminə Xatun türbəsi ilə tanışlıq qonaqlarda xoş təəssüratlar yaradıb.

azertag.az