Ağsuda Əziz Əliyevin 120 illiyi qeyd edilib
18.1.2017

Ağsuda görkəmli dövlət xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin 120 illiyinə həsr edilən təntənəli yığıncaq keçirilib.

Mərkəzi xəstəxanada təşkil edilən yığıncaqda rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, xəstəxananın baş həkimi Şəhrəbanı Məlikova, həkim Seydağa Gülümov və başqalarının çıxışlarında Əziz Əliyevin zəngin və mənalı həyat yolu, elmi və siyasi fəaliyyətinin müxtəlif aspektləri, gözəl həkim, təşkilatçı, həkim-tədqiqatçı, pedaqoq, maarifçi kimi xüsusiyyətləri barədə ətraflı danışılıb.

Vurğulanıb ki, Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi dövrdə yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlər göstərib. O, azərbaycanlı kadrları işə cəlb edərək ana dilində dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar yazılmasına nail olub. Çıxışlarda 1930-1945-ci illərdə tibb institutunun əməkdaşları tərəfindən 80 adda dərslik və dərs vəsaitinin nəşr olunduğu, bunun 55-nin Əziz Əliyevin instituta rəhbərlik etdiyi dövrdə hazırlandığı diqqətə çatdırılıb. Qeyd olunub ki, onun “Klinik analizlər” adlı dərsliyi tələbələr və gənc həkimlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Ümumiyyətlə, Əziz Əliyev 87 elmi əsərin müəllifidir. Bu əsərlərdən 70-i təbabətin ayrı-ayrı sahələrinə, 17-si isə tarixi və siyasi məsələlərə aiddir.

Bildirilib ki, Əziz Əliyev Azərbaycanda tibb elmi sahəsindəki xidmətlərinə, təhsilin, səhiyyənin təşkilinə, ixtisaslı kadrların hazırlanmasında əvəzedilməz xidmətlərinə, ictimai-siyasi fəaliyyətində yüksək vətənpərvərliyinə görə xalqı tərəfindən sevilir.

azertag.az