Tbilisidə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar pulsuz müayinə aksiyası keçirilib
19.1.2017

Gürcüstanın Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyası və Gülnarə Rəsulzadə - Kvaçaxadze adına Gürcüstan-Azərbaycan Fondu yanvarın 18-də Tbilisidəki Cümə məscidində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar bu ölkədə yaşayan azərbaycanlılar üçün pulsuz müayinə aksiyası keçiriblər.

Fondun rəhbəri, endokrinoloq, professor Rusudan Kvaçaxaradze bildirib ki, bu gün Gürcüstanda endemik zob xəstəliyi, yod çatışmazlığı geniş yayılıb. Bu da insanlar, xüsusən də qadınların səhhətində ciddi problemlər yaradır. Aksiyanın məqsədi Gürcüstanda yaşayan azərbaycanlıları müayinə etmək, düzgün diaqnoz qoymaq və müalicələri ilə əlaqədar tövsiyələr verməkdir. Aksiyanın 20 Yanvar faciəsinin ildönümü ərəfəsində keçirilməsi də təsadüfi deyil. Bununla biz dost və qardaş Azərbaycan xalqı ilə həmrəy olduğumuzu nümayiş etdirmək istəyirik.

Gürcüstanın Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva isə bildirib ki, bu cür aksiyalar davamlı olacaq. Məqsəd azərbaycanlı qadınlarda endemik zobu vaxtında müayinə etmək və xəstələrə lazımi yardım göstərməkdir.

Aksiyada Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin, Tbilisi Açıq Universitetinin tələbələri, şəhər sakinləri iştirak ediblər.

azertag.az