Vyanada müasir Azərbaycan incəsənəti haqqında məruzə dinlənilib
19.1.2017

Yanvarın 18-də Vyana Tətbiqi İncəsənət Universitetində gənc rəssam Fərhad Fərzəli "Azərbaycanda müasir incəsənət səhnəsi haqqında" adlı məruzə ilə çıxış edib.

Tədbirdə XX və XXI əsrlərdə Azərbaycanda müasir incəsənət sahəsində əsas istiqamət və cərəyanlar, rəssamlar və onların müraciət etdikləri mövzulardan bəhs edilib. Qeyd olunub ki, Sovet İttifaqının süqutu ilə incəsənətdə sosialist realizmi dövrü də öz ömrünü başa vurdu. Ondan sonra Azərbaycanda müasir sənət məkanında yeni axtarışlara və təsvir texnikalarının tətbiqinə başlanıldı.

Məruzədə Faiq Əhməd, Orxan Hüseyn, Fərhad Fərzəliyev, Sitarə İbrahimova, Babi Bədəlov, Nəzrin Məmmədova və digər rəssamların müxtəlif əsərləri əsasında onların üslubu, müraciət etdikləri mövzu dairəsi, tətbiq etdikləri texnika və digər qrafik, həmçinin multimedial ifadə vasitələri ətraflı izah olunub.

Çıxışdan sonra F.Fərzəli Azərbaycanda müasir incəsənətin hazırkı vəziyyəti və yaradıcılıq meyillərinə dair sualları cavablandırıb.

Tədbirdə Vyana Tətbiqi İncəsənət Universitetinin tələbələri, müasir incəsənətlə maraqlanan şəxslər və soydaşlarımız iştirak ediblər.

azertag.az