Eldar Qasımov “I am free” mahnısına çəkdirdiyi solo klipini təqdim edəcək
10.9.2012

“Eurovision-2011”-in qaliblərindən biri Eldar Qasımov “I’m Free” mahnısına Ukraynada çəkilən klipini təqdim edəcək.

Eldar Qasımovun özünəməxsus tərzdə ifa etdiyi və artıq çoxsaylı dinləyicilərin sevimli kompozisiyasına çevrilən ”I’m Free”– özünü qəflətən keçmiş məcburiyyətlərindən və bağlılıqlarından azad hiss edən bir insanın emosional portretini, məhəbbət haqqında formalaşmış stereotiplər, yaradıcılıq və həyat tərzi haqqında bir mahnıdır.

Keçmiş haqqında xatirələr hələ də güclüdür, insan qəlbini narahat edir, amma qarşıda olan yol geniş, gözlənilməz yeniliklərlə, sevincli gözləntilərlə və ümidlərlə dolu bir yoldur.

“Mən yalnız bir mahnı ifaçısından kənara çıxmaq istəyirəm, çünki adətən beynəlxalq müsabiqə iştirakçıları və qalibləri bununla qarşılaşır. Həm də “Running Scared” mahnısı yalnız bir hissəsi mənə aiddir, axı bu hiti biz duet şəklində ifa etmişik. Mənə bir solo ifaçısı kimi də tamaşaçıya deməyə sözüm var” Eldar Qasımov yeni solo işini şərh edərkən bunları deyib.

Bu layihə bütünlüklə Ukraynanın məşhur Euomedia Group şirkətinin komandası tərəfindən həyata keçirilib. Layihənin ideya müəllifi və rejissoru Denis Qamzinov, operatoru Dmitriy Peretrutovdur. Klipin ərsəyə gəlməsi üçün nə az, nə çox düz 200 nəfər çalışıb.

Təqdimat sentyabrın 13-də baş tutacaq.

Gün.Az