Yanvarın 18-də M.S.Ordubadinin ev-muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən “Milli qürur günümüz” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.
Muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Lalə Abaszadə bu günlərdə ölkəmizin hər yerində 20 Yanvar faciəsinə həsr edilən tədbirlərin keçirilməsindən söz açıb. Bildirib ki, 20 Yanvar tariximizin qanla yazılmış səhifəsi olsa da, əslində şərəf günümüzdür.
Tədbirdə Azərbaycan Dillər Universitetindən professor Məhəmməd Teymurlu, “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, şair-publisist Zərəngiz Dəmirçi Qayalı, Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayeva və başqaları sovet imperiyası tərəfindən 1990-cı il yanvarın 20-də törədilmiş bu qırğının bəşər tarixində insanlığa qarşı ən ağır cinayətlərdən biri olduğunu söyləyiblər. Qeyd edilib ki, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı kütləvi terror nəticəsində 137 insan qətlə yetirilib və 800-dək insan yaralanıb.
Vurğulanıb ki, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib.
Sonda “AYTAM” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin üzvlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.
azertag.az