Smayliklər insanın daxili aləmi barədə çox şey danışır
19.1.2017

Britaniyanın Ormskirk şəhərindəki Ec-Hill Universitetinin bir qrup tədqiqatçısı belə qənaətə gəlib ki, insanların internetdə yazışma zamanı istifadə etdikləri “yardımçı” kommunikasiya vasitələri istifadəçilərin xarakteri barədə maraqlı məqamları üzə çıxarır. Mütəxəssislər smayliklərin tədqiqinin psixoloq və sosioloqlar üçün geniş imkanlar açdığını bildirirlər və onları bu imkanları lazımınca dəyərləndirməyə çağırırlar.

Alimlər əvvəllər aparılan bəzi tədqiqatlara istinad ediblər. Məsələn, bu yaxınlarda məlum olub ki, internetdə smayliklərdən və “gerçək dünyada” jestlərdən istifadə zamanı insanın baş beyninin təqribən eyni nahiyəsi işləyir. Bu isə o deməkdir ki, insanlar mesajlarını dəqiqləşdirmək və onların düzgün başa düşüləcəyinə əmin olmaq üçün smayliklərdən istifadə edirlər. Yəni belə təsvirlərdən funksiyaya uyğun istifadə olunmasını əl-qol hərəkətləri, ondan da çox intonasiya seçimi ilə müqayisə etmək olar.

Alimlərin fikrincə, smayliklərin öyrənilməsinin bir neçə başqa üstünlüyü də var. Məsələn, şifahi danışıq nadir hallarda yazılır. İnternetdə yazışmalar isə çox vaxt saxlanılır. İnsanın psixoloji portretini tərtib etmək üçün onlardan asanlıqla istifadə etmək olar. Bu yaxınların statistikasına görə, hazırda hər on internet istifadəçisindən doqquzu smayliklərdən istifadə edir.

Mütəxəssislər bildirirlər ki, smayliklərdən başqa internetin başqa “dəbdə olan” kommunikasiya vasitələri də, məsələn, memlər deyilən təsvirlər və videoyazılar da insan haqqında müəyyən informasiya mənbəyi ola bilər. İnternetin belə fenomenlərinin və onların açdığı perspektivlərin öyrənilməsi üçün alimlər yeni elmi istiqamətin – kiberpsixologiyanın əsasını qoymağı təklif edirlər.

azertag.az