Bolqarıstanda Azərbaycan filmi gecəsi
19.1.2017

Sofiyada keçirilən “MENAR” film festivalı çərçivəsində Azərbaycan filmi gecəsi təşkil olunub.

Gecədə Bolqarıstanın dövlət və hökumət nümayəndələri, deputatlar, bu ölkənin aparıcı QHT və KİV təmsilçiləri, Sofiyada akkreditə olunan diplomatik korpusların rəhbərləri, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və üzvləri iştirak ediblər.

Sofiya şəhərinin meri Yordanka Fandıkova tərəfindən tədbir iştirakçılarına təbrik məktubu ünvanlanıb.

Sayca 9-cu olan bu festivalda ilk dəfə olaraq Azərbaycan filmləri nümayiş olunub.

Filmin nümayişindən əvvəl Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin milli radiosuna müsahibə verib.

Festivalın kino sənətimizin bolqar cəmiyyətində təbliğinə imkan yaratdığını bildirən səfir Azərbaycan kinematoqrafiyasının tarixindən danışıb. Diplomat kino sahəsinə dövlət qayğısından, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın kinematoqrafiyanın inkişafına təkan verməsindən bəhs edib. Diqqətə çatdırıb ki, Azərbaycan filmlərində ictimaiyyəti maraqlandıran məsələlərin öz əksini tapması bir ənənə halını alıb. Filmlərimiz bu gün nüfuzlu beynəlxalq festivallarda mükafatlara layiq görülür.

Ölkəmizin festivalda iki filmlə təmsil olunduğunu bildirən N.Qurbanova bu filmlərin bolqar auditoriyası tərəfindən maraqla qarşılanacağına inamını ifadə edib. “Bu il Azərbaycan ilə Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü çərçivəsində səfirlik tərəfindən müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Mədəniyyət və multikultural dəyərlərə hörmət Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Prezidentinin Fərmanı ilə ölkəmizdə iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi bu siyasətin parlaq nümunəsidir. Cari ilin yazında paytaxtımız IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. Bu siyasət yalnız Azərbaycanla məhdudlaşmır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzey-Qoruğu bərpa olunub. Bu, Heydər Əliyev Fondu tərəfindən Cənub-Şərqi Avropa regionunda mədəniyyət sahəsində reallaşdırılan ən böyük layihələrdəndir”, - deyə diplomat bildirib.

Azərbaycan filmi gecəsində çıxış edən N.Qurbanova “MENAR” film festivalında ilk dəfə təmsil olunan ölkəmizin bu nüfuzlu tədbirə iki filmlə qatıldığını bildirib. Diqqətə çatdırıb ki, gələn il Azərbaycan kinematoqrafiyası 120 illik yubileyini qeyd edəcək. “Ölkəmizdə film sənayesinin yaranması kinematoqrafiyanın kəşfi ilə eyni vaxta təsadüf edir. Hər il 2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur. 1916-cı ildə Pirone qardaşlarının Bakıda təsis etdiyi səhmdar cəmiyyət Azərbaycan kinematoqrafiyasının inkişafına töhfə verib. Şirkətin ən uğurlu işlərindən biri dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilmiş komediya olub. Bu film nəinki Azərbaycanda, eləcə də xaricdə böyük uğurlar əldə edib”, - deyə səfir vurğulayıb. O, gecədə nümayiş olunacaq “Qırmızı bağ” və “Şəhər motivləri” filmləri barədə də məlumat verib. Diqqətə çatdırıb ki, “Qırmızı bağ” filmi babaları bəy olmuş, özü isə müəllim işləyən bir insanın həyatından bəhs edir. Bu film Qazaxıstan, Almaniya, Misir və Türkiyədə keçirilən nüfuzlu beynəlxalq festivallarda nümayiş olunub. İkinci nümayişi yanvarın 28-də olacaq “Şəhər motivləri” kinoalmanaxı Bakı və onun sakinlərindən bəhs edən qısa novellalardan ibarətdir.

Sonra “Qırmızı bağ” filmi nümayiş olunub və izləyicilərin böyük marağına səbəb olub.

Qeyd edək ki, festival bolqar cəmiyyətinə İslam dünyasının mədəniyyəti və ənənələri ilə tanış olmaq imkanı yaradır. “MENAR” film festivalı Balkan regionunda İslam mədəniyyətini nümayiş etdirən ən böyük tədbir hesab olunur. 2009-2016-cı illər ərzində təşkil olunan festivallarda Yaxın Şərq, Mərkəzi Asiya və Şimali Afrika regionundan 300-dən çox film nümayiş etdirilib.

azertag.az