Dünya robot texnikası bazarının həcminin 2020-ci ilədək iki dəfədən çox artacağı gözlənilir.
Bu barədə “International Data Corporation (IDC)” şirkətinin hesabatında bildirilib.
Şirkətin ekspertləri tədqiqatın aparılması üçün robot texnikası və aparat sistemləri, proqram təminatı, kommersiya məqsədli robot texnikası xidməti ilə bağlı məlumatlara əlavə olaraq pilotsuz uçan aparatların alışı və xidməti üzrə göstəriciləri də hesabata daxil ediblər. Ötən ildə robot texnikasına daha çox mədən (8 milyard ABŞ dollar), xidmət (6,5 milyard ABŞ dollar) və səhiyyə (4,5 milyard ABŞ dollar) kimi sektorlarda vəsait sərf edilib. Növbəti bir neçə il ərzində bu sahələrdə robot texnikasından istifadənin daha sürətlə artacağı gözlənilir.
Robot texnikası üçün ən çox xərclər Asiya-Sakit okean regionunun, o cümlədən Yaponiyanın payına düşüb. Region ölkələri qlobal xərclərin ümumi məbləğinin üçdə iki hissəsini bu istiqamətə sərf edib. Ötən il robot texnikasına Avropa, Yaxın Şərq və Afrika 14,7 milyard, Şimali və Cənubi Amerika isə 12,9 milyard ABŞ dolları həcmində yatırım edib.
azertag.az