Kanadada Azərbaycan mədəniyyəti və incəsənətinin növbəti zəfəri Niaqarada Kanada-Azərbaycan Beynəlxalq Dostluq və Əməkdaşlıq Evi yaradılacaqdır
11.9.2012

Kanadanın Niaqara şəhərində, XIV Beynəlxalq Niaqara Festivalı çərçivəsində Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri böyük müvəffəqiyyətlə keçmişdir. Festival çərçivəsində akademik Ömər Eldarovun bədii sərgisi, Azərbaycan simfonik musiqisi və muğamından ibarət konsert təşkil edilmişdir.
Bu barədə Niaqarada Azərbaycan Mədəniyyəti və İncəsənəti Günlərinin baş əlaqələndiricisi, Bakı Musiqi Akademiyasının professoru Mikayıl Hacıyev məlumat vermişdir.
Onun sözlərinə görə, Niaqarada Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri ənənəvi olaraq bu şəhərin meriyasının binasında Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin büstü qarşısına təntənəli gülqoyma mərasimindən başlanmışdır.
Niaqara İncəsənət Mərkəzində şəhərin xoşməramlı fəxri səfiri, akademik Ömər Eldarovun (yeri gəlmişkən, o, bu şəhərdə ümummilli liderin büstünün müəllifidir) 85 illiyinə həsr olunmuş sərgidə Kanadanın təsviri sənət pərəstişkarları Azərbaycan mədəniyyətinin və incəsənəti dühalarının – Füzuli, Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cövdət Hacıyev, Tofiq Quliyev, Niyazi, Rəşid Behbudov, Müslüm Maqomayev, Hüseyn Cavid, Səttar Bəhlulzadə və Əminə Dilbazinin möhtəşəm heykəltəraşlıq obrazları ilə tanış olmaq imkanı əldə etmişlər. Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına və tərəqqisinə böyük töhfə verərək, onları Şərq və Qərb ölkələrində geniş təbliğ etmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın heykəltəraşlıq portretləri bu bədii sərgidə mərkəzi yer tutur.
Kanadada Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən Azərbaycan mədəniyyətinin və incəsənətinə həsr olunmuş təntənəli tədbirlərdə Kanada parlamentinin deputatları, bu ölkənin yüksək vəzifəli şəxsləri iştirak etmişlər. Niaqarada Azərbaycan Mədəniyyəti və İncəsənəti Günlərinin təşkilində və keçirilməsində yaxından iştirak etmiş lord Geri Borrou öz çıxışında akademik Ömər Eldarovun heykəltəraşlıq əsərlərindən ibarət fərdi sərgini və Azərbaycanın Əməkdar İncəsənət Xadimi, baş dirijoru İsmayıl Hacıyevin idarəçiliyi ilə “İlham” Kanada-Azərbaycan qədim və müasir musiqi kamera ansamblının solistlərinin çıxışlarını xüsusi qeyd etmişdir.
Niaqaranın qubernatoru lord Geri Borrou demişdir: “Heç şübhəsiz, Azərbaycan xalqının gələcəyi işıqlı və xoşbəxtdir, çünki bu dərəcədə böyük mədəniyyətə və zəngin musiqi irsinə malikdir. Bu irsin möhtəşəm nümunələri artıq 10 ildir Niaqarada “İlham” Kanada-Azərbaycan qədim və müasir musiqi kamera orkestrinin müşayiəti ilə Azərbaycan muğam üçlüyünün ifasında daim möhtəşəm bir müvəffəqiyyətlə səslənir. Azərbaycan mədəniyyəti və incəsənəti etibarlı əllərdədir – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əlindədir. Ümumi sülh naminə Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasına və dünya sivilizasiyalarının mənəvi inteqrasiyasına yönəlmiş mədəniyyətə dair möhtəşəm layihələrin beynəlxalq səviyyədə həyata keçirilməsi məhz onların adı ilə bağlıdır. Niaqara regionunun başçısı kimi belə bir əlamətdar faktı vurğulamaq xüsusilə fərəhlidir ki, Niaqarada Azərbaycan Mədəniyyəti və İncəsənəti Günlərində akademik Ömər Eldarovun yeni əsərinin – Azərbaycan Prezidenti İlham Əliyevin heykəltəraşlıq portretinin təqdimatı olmuşdur. Belə düşünürəm ki, Niaqarada Kanada-Azərbaycan Beynəlxalq Dostluq və Əməkdaşlıq Evinin yaradılmasının vaxtı gəlib çatmışdır”.
Beynəlxalq Niaqara Festivalının bədii rəhbəri, Toronto Kral Konservatoriyasının professoru Atis Bankas Azərbaycan bəstəkarları Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, T.Quliyev, Niyazi, S.Rüstəmov və başqalarının əsərlərinin zəngin mənəvi məzmununa və nadir melodizminə heyran qaldığını bildirmişdir. O, tələbkar Niaqara dinləyicilərinin gurultulu alqışlar və böyük vəcdlə qarşıladıqları “İlham” kamera ansamblının solistlərinin - Azərbaycanın Əməkdar Artisti, tarzən Sahib Paşazadənin, Azərbaycanın Əməkdar Artisti, opera müğənnisi Həsən Enaminin, Niaqara festivalının fəxri mükafatına layiq görülmüş pianoçu Nərminə Əfəndiyevanın, aşıqlar üçlüyünün başçısı Səməd Musəvinin və bir çox başqalarının mahir və virtuoz ifasını vurğulamışdır.
Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri başa çatanda Niaqarada beynəlxalq mədəni proqramların baş direktoru Kris Bleyk demişdir: “Qədim və zəngin tarixi olan Azərbaycan xalqı nadir mədəniyyət və incəsənətdən ibarət nəhəng bir mənəvi materik, mənəvi-fəlsəfi dərinliyinə və musiqi kamilliyinə görə misilsiz olan muğamlar yaratmışdır. Bu musiqinin gözəl nümunələri bu gün də ürəyimizi və ruhumuzu zənginləşdirir və qidalandırır. Buna görə də Niaqara meriyası 26 avqustu Beynəlxalq Azərbaycan Muğamı Günü elan etmişdir. Bu gün Azərbaycanın zəmanəmizin əsas mədəni liderlərindən birinə çevrilməsində həlledici rol, heç şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur”.
Akademik Ömər Eldarovun böyük ustalıq və məharətlə yaratdığı, təqdimatı Niaqara İncəsənət Mərkəzində böyük uğurla keçirilən Azərbaycan Prezidenti İlham Əliyevin heykəltəraşlıq portreti Kanadanın mədəni cəmiyyətinin bədii sərvəti, Kanada ilə Azərbaycan arasında mədəni və dostluq əlaqələrinin möhkəmlənməsinin parlaq rəmzi, habelə Şərq və Qərb mədəniyyətlərinin bütün dünyada sülh naminə yaxınlaşmasının rəmzi olmuşdur”.

© AzərTAc