“Vətən” adlı tamaşa Bakı Uşaq Teatrının səhnəsində
24.1.2017

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrında Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Vətən” adlı tamaşa nümayiş olunub.

Baş İdarədən bildirilib ki, tamaşa dövlət himnimizə və bayrağımıza həsr edilib.

İdeya müəllifi İntiqam Soltana, quruluşu İntiqam Soltan və Ayşad Məmmədova məxsus tamaşada Üzeyir Hacıbəylinin bəstələrindən istifadə olunub.

Tamaşada rolları Niyaz Qasımov, Rauf Hüseynli və Cavanşir Məhərrəmov canlandırıblar.

Bayrağımızın yaranmasından, Azərbaycanın keçdiyi keşməkeşli tarixi yoldan bəhs edən tamaşa maraqla qarşılanıb.

Səhnə əsəri yanvarın 27-dək müxtəlif mədəniyyət ocaqlarında nümayiş olunacaq.

azertag.az