Yanvarın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda birliyin və “Aşıq Pəri” məclisinin üzvü, şairə Təbrizə Pünhanın “Sevgimin ünvanı”, “Bəlkə də dünyanı səhv qurmuşuq biz” və “Bizi bağışla, Allahım” şeirlər kitablarının təqdimatı keçirilib.
Bu üç kitabda şairin müxtəlif illərdə yazdığı şeilər toplanıb.
Tədbirdə filologiya elmləri doktoru, professor Vaqif Yusifli, şairlər Oqtay Rza, Musa Ələkbərli, Pərvanə Zəngəzurlu, Fəridə Ləman, Azadə Taleh, Güləmail Murad, Güllü Tomarlı, Səadət Buta və başqaları narahat və nigaran dünyamızda şeirə tapınan, özünü sözlə ovudan şairin bənzərsiz poeziya nümunələrindən söhbət açıblar.
Bildirilib ki, kitablardakı şeirlərdə bu günümüzün problemləri, ağrıları, Qarabağ düyünü, torpaq itkisi, şəhidlik, qaçqınlıq dərdi poetik dillə oxucuya çatdırılır.
Tədbirdə ehtiyatda olan polkovnik Xudaverdi Cavadov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası adından vətənpərvərlik mövzusunda yazdığı əsərlərə görə şairə “Həzi Aslanov” döş nişanı təqdim edib.
Sonda Təbrizə Pünhan tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni şeirlərini oxuyub.
azertag.az