“Dərs” və “Qırmızı bağ” bədii filmləri beynəlxalq film festivalında
24.1.2017

“Dərs” və “Qırmızı bağ” bədii filmləri beynəlxalq film festivalında nümayiş olunub.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, festival Banqladeşin paytaxtı Dəkkədə keçirilib.

“Dərs” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Bir sıra beynəlxalq film festivallarında nümayiş olunan və mükafatlara layiq görülən “Dərs” filminin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.

Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.

Bir sıra beynəlxalq film festivallarında nümayiş olunan və mükafatlara layiq görülən bu ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırıblar.

azertag.az