Təhsil haqqını ödəyə bilməyən tələbələr üçün növbəti ŞANS
24.1.2017

“Maarifçi” Tələbə Kredit Fondu 2016-2017-ci tədris ilinin növbəti sessiyanı elan edib.

Fonddan verilən məlumata görə, üçüncü elan sessiyası 1 fevral – 15 mart tarixlərini əhatə edəcək. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri də 2016-2017-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün təqdim olunacaq.

Tələblər üçün müəyyənləşdirilən seçim meyarları və kredit şərtləri olduğu kimi saxlanılıb.

Qeyd edək ki, tələbələrə kreditlər standart paket olaraq 8%-lə, güzəştli paket olaraq isə 6%-lə təklif olunur. Güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır. Fond tələbədən təhsil müddəti və güzəşt müddəti ərzində faiz borcunun ödənilməsini tələb etməyəcək. Bu müddət ərzində yığılan faiz borcu əsas məbləğə əlavə olunacaq. Tələbələr kreditləri tələbə təhsilini başa vurduqdan - işlə təmin olunduqdan sonra ödəməyə başlayacaqlar.

Kredit almaq üçün fonda Azərbaycan vətəndaşı, yaşı 25-dək olan tələbə müraciət edə bilər. Tələbə ali məktəbi bitirdikdən – artıq işlə təmin olunduqdan sonra təhsil haqqını ödəmək imkanı əldə edir. Güzəştli kredit ala biləcək tələbələr ailə başçısını itirmiş ailələrin övladları, sağlamlıq imkanları məhdud olan şəxslərdir.

trend.az