Qaraçı xorundan “Romen” teatrınadək
24.1.2017

Bu gün “Romen” Qaraçı Musiqili Dram Teatrının yaradılmasının 86-cı ildönümü tamam olur. Ötən əsrin 30-cu illərində Moskvada belə bir teatrın yaradılması heç də təsadüfi olmayıb. XVII əsrin sonlarından Rusiyada məskunlaşan qaraçılar gah sirli görünən davranışları, adət-ənənələri, gah da coşqun ifaları, kütləvi tamaşaları ilə maraq doğurublar. XIX əsrin sonunda Malıy Teatrında qaraçı teatr truppası çıxış edib, sonralar “Yar” (“Yard”) restoranında qaraçı xoru populyarlıq qazanıb. 1931-ci il yanvarın 24-dən fəaliyyətə başlayan “İndo-Romen” qaraçı teatrı studiyası tezliklə özünəməxsus repertuarı, tamaşaların kompozisiyası baxımından diqqəti cəlb edib və “Romen” teatrına çevrilib.

Qırx ilə yaxındır ki, teatrın bədii rəhbəri SSRİ Xalq Artisti, dövlət və hökumət mükafatları laureatı, professor, Beynəlxalq Teatr Akademiyasının akademiki Nikolay Sliçenkodur.

Təsadüfi görüş və ya kəbinləri göydə kəsilib

“Romen” teatrında Vladimir Polyakov, Mariya Skvortsova, Lyalya Çyornaya (Nadejda Kiselyova) və digər böyük sənətkarlar çalışıblar.

Ötən əsrin ortalarında isə bu teatra gözəlliyi, istedadı ilə hər kəsi heyran edən azərbaycanlı aktrisa Tamilla Ağamirova gəlib. Hər şey 1952-ci ildə bu gənc qızın Sverdlovsk şəhərinə (indiki Yekaterinburq) qastrolu ilə başlayıb. Həmin vaxt o şəhərdə olan “Romen” teatrının aktrisası Lyalya Çyornaya mehmanxanada təsadüfən Tamilla Ağamirova ilə rastlaşıb. Təcrübəli aktrisa bəlkə də qaraçı duyumu ilə qarşısındakı qızın istedadını və parlaq gələcəyini hiss edib. Beləliklə, 24 yaşlı Tamilla L.Çyornayanın “Romen” teatrında işləmək barədə təklifini qəbul edib və çox keçmədən teatrın aparıcı aktyorlarından birinə çevrilib. Qeyd edək ki, T.Ağamirova “Onun böyük ürəyi”, “Yenilməz batalyon”, “Əsl dost” və digər filmlərə çəkilərkən artıq Moskvada yaşayırdı. Həmvətənimizin yaradıcılıq yolu və ictimai fəaliyyəti, sözsüz ki, ayrıca bir yazının mövzusudur.

T.Ağamirova karyerası ilə yanaşı, taleyini də qaraçı oğlanla – o zaman aktyor, müğənni və rəqqas, bu gün isə teatrın bədii rəhbəri olan Nikolay Sliçenko ilə bağlayıb. Beləliklə, övladlı, nəvəli, nəticəli, kötücəli bir ailənin bünövrəsi qoyulub. Rusiyanın Xalq Artisti T.Ağamirova müsahibələrindən birində deyib: “Nikahımız göylərdə kəsilmişdi”.

Özünü təsdiq etmiş mədəniyyət

Bu gün dünya mədəniyyətində qaraçı teatr, kino və musiqi xadimlərinin öz yeri var. Təsadüfi deyil ki, Praqada “Kxamora”, Monrealda “Romani yaq”, Kiyevdə “Amala” kimi qaraçı beynəlxalq mədəniyyəti festivalları keçirilir.

“Romen” Qaraçı Musiqili Dram Teatrının yaşlı, orta və gənc nəsildən ibarət yaradıcı heyəti bu gün də fəaliyyətini uğurla davam etdirir. Hazırda teatr qaraçı milli mədəniyyətinin əsl mərkəzinə çevrilib və özünün istedadlı və təcrübəli yaradıcı kollektivi sayəsində yeni sənət zirvələrini fəth etməkdədir.

azertag.az