Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi davam etdirilir
24.1.2017

Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi hazırda davam etdirilir.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, avtomobil yolunun uzunluğu 14 km, eni isə 7-9 metr arası dəyişir. Yol 12 metrə qədər genişləndirilərək 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq.

Yolun Binəqədi qəsəbəsi ərazisindən keçən 1.1 km-lik hissəsi artıq hazırdır. Bu hissə tam olaraq asfaltlanıb, 1.5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb. Hazırda digər hissələrdə yol boyu maneələr sökülür, kommunikasiya xətləri köçürülür, köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, genişləndirilmiş ərazilərə də daxil olmaqla karbonat materialı tökülərək yenidən kipləşdirilir və yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Ümumilikdə yolun 170 min m2 sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

Bundan başqa, yolun 1.3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunur, həmçinin Novxanı qəsəbəsində yerləşən dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülərin əsaslı şəkildə təmir edilərək 7 m-dən 12.5 m-ə qədər genişləndirilməsi və kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 5 yerdə xüsusi boruların quraşdırılması nəzərdə tutulub.

Tikinti işləri yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, piyada zolaqlarının, yolcizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq. Yolun tikintisi texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.

trend.az