Şərəfli döyüş yolu keçmiş Həzi Aslanovun tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək.
Bu fikir yanvarın 24-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirəsinin anma mərasimində səsləndirilib.
Əvvəlcə tədbir iştirakçıları Şəhidlər xiyabanında cəsur sərkərdə Həzi Aslanovun abidə-kompleksi önünə əklil və gül dəstələri qoyub, generalın xatirəsini hörmət və ehtiramla yad ediblər.
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək bildirib ki, xalqımızın igid övladı, Böyük Vətən müharibəsinin iştirakçılarından olan Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaşımız üçün nümunədir. Xalqımızın ümummilli lideri Heydər Əliyev Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar imzalayıb. Bu diqqət Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirilir.
R.Əliyev Azərbaycan xalqının qəhrəmanlıq ənənələrinin təbliğ olunması məqsədilə keçirilən tədbirlərin Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və vətənpərvərlik ruhunun yüksəldilməsində böyük əhəmiyyət kəsb etdiyini deyib.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun şərəfli döyüş yolundan danışaraq qeyd edib ki, o, Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdəndir. Azərbaycan xalqının igid övladı, Böyük Vətən müharibəsinin qəhrəmanlarından olan Həzi Aslanovun adı ən istedadlı sərkərdələrdən biri kimi tariximizə yazılıb.
Bildirilib ki, 1941-ci ilin iyununda müharibənin od-alovları içərisinə atılan qəhrəman həmyerlimizin komandanlıq etdiyi tank briqadası Donbas, Moskva, Xarkov, Stalinqrad, Taqanroq, Kursk və digər şəhərlərin faşizmdən azad olunmasında fəal iştirak edib. Həzi Aslanov 34 yaşında Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülüb. Onun adı qəhrəmanlıq simvoluna çevrilib.
İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Həzi Aslanovun, eləcə də Azərbaycan övladlarının tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəsil üçün vətənpərvərlik nümunəsi olacaq. Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olan Həzi Aslanovun adı həmişə qədirbilən xalqımız və dövlətimiz tərəfindən əziz tutulub.
Sonra Həzi Aslanovun nəvəsi Emin Aslanov göstərilən diqqət və qayğıya görə ailə üzvləri adından Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
azertag.az