Alimlər göz qırpmanın daha bir səbəbini tapıblar
25.1.2017

Alimlərdən ibarət beynəlxalq qrup göz qırpımı zamanı beynin göz almacığını korreksiya etdiyini müəyyən ediblər. Aparılan araşdırmalar zamanı tədqiqatlarda iştirak edən könüllülər qaranlıq otaqda oturaraq uzun müddət onlara təqdim olunan ekranda göstərilən bir nöqtəyə baxıblar. Bu zaman infraqırmızı kameralar onların göz hərəkətlərini müşahidə edib.

İştirakçılar aparılan tədqiqatlardan narazılıqlarını bildirərək onun gördükləri ən darıxdırıcı araşdırma üsulu olduğunu deyiblər.

Tədqiqat zamanı hər göz qırpımında ekranda görülən nöqtə bir santimetr sağa çəkilib. İnfraqırmızı kameralar gözün diqqətinin hər qırpılmadan sonra məhz bu nöqtədə cəmləşdiyini qeydə alsa da, iştirakçılar nöqtənin hərəkətini hiss etməyiblər.

Elm adamları hesab edirlər ki, insanın göz əzələlərinin olduqca “ləng” və “qeyri-dəqiq” olması səbəbindən beyin hər dəfə ətraf mühitdən asılı olaraq göz almacıqlarının korreksiyasına ehtiyac duyur. Onların sözlərinə görə, əgər bu korreksiya olunmasa, dünya insanlara kabus kimi və xaotik görünərdi.

Bundan əvvəl yapon neyrofizioloqları göz qırpımını oxuma zamanı cümlə bitimi və ya filmdə səhnə dəyişməsi ilə əlaqələndiriblər.

azertag.az