Belaruslu solistlərin iştirakı ilə Bakıda “Don Kixot” baleti nümayiş olunacaq
25.1.2017

Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik balet sənətinin ən dəyərli nümunələrindən biri sayılan “Don Kixot” baleti təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində çıxış etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solistləri Aleksandra Çijik və Konstantin Qeronik dəvət alıb.

Eyni zamanda, operada digər partiyalar Opera və Balet Teatrının solistləri Xalq Artisti Gülağası Mirzəyev, Əməkdar artistlər Alsu Qimadiyeva, Tamilla Məmmədzadə, Samir Səmədov, solistlər Cəmilə Kərimova, Ayan Eyvazova, Timur Oduşev tərəfindən ifa olunacaq. Səhnə əsərini dirijorların beynəlxalq mükafatı laureatı Əyyub Quliyev idarə edəcək.

Qeyd edək ki, L.Minkusun 1877-ci ildə qələmə aldığı “Don Kixot” baleti 1973-cü ildən fasiləsiz olaraq Opera və Balet Teatrının repertuarında mühüm yer tutur.

azertag.az