Parisdə Azərbaycanın Dostları Assosiasiyasının illik toplantısı keçirilib
26.1.2017

Parisdə Azərbaycanın Dostları Assosiasiyasının Baş Assambleyasının illik toplantısı keçirilib, təşkilatın 2016-cı ildəki fəaliyyəti və bu il üçün planları nəzərdən keçirilib.

Bildirilib ki, Azərbaycan həyata keçirdiyi irimiqyaslı layihələrlə, dünyaya verdiyi sülh, dostluq mesajı ilə 2016-cı ili öz aktivinə yazıb. Təşkilatın prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan Fransua Mansel hesabat çıxışında bildirib ki, dünyanın dini dözümsüzlük, etnik toqquşmalarla sarsıldığı bir dövrdə yalnız Azərbaycanda bütöv bir il “Multikulturalizm İli” elan edilib və Azərbaycan bu sahədə mühüm işlər görüb. O, Azərbaycanın sabit, harmoniyalı cəmiyyət quruluşunda əldə etdiyi dəyərli təcrübəsini bütün dünya ilə bölüşməyə hazır olduğunu bəyan edib. Ölkədə birinci Avropa Oyunlarının, Formula-1 yarışlarının uğurla keçirilməsi rəsmi Bakının artıq ən yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu sübut edib. Azərbaycanın Dostları Assosiasiyasının fransalı üzvləri ötən il ölkəmizdə həyata keçirilən dinlərarası dialoq, tolerantlıq kimi zəruri mövzulara həsr edilmiş beynəlxalq tədbirləri yüksək dəyərləndiriblər.

Fransa Senatının üzvü Erik Dulije Azərbaycanın ötən il həyata keçirdiyi uğurlu layihələrdən söz açıb. Bildirib ki, Azərbaycan dünyaya çox şey qazandırıb. Azərbaycan fərqli insanların, rəngarəng din, dil, milli yanaşmaların eyni sərhədlər daxilində, harmoniyada mövcud ola biləcəyini sübut edib. İndi artıq söz bizdədir. Fransadan başlayaraq bütün regiona Azərbaycanın təcrübəsini yaymalıyıq. Xüsusilə bizim ölkəmizdə bu dəyərli təcrübədən xəbərsiz insanlar var. Fransa ilə Azərbaycan arasında inkişafda olan siyasi iqtisadi əlaqələr yüksək səviyyədədir. Azərbaycanı Fransa cəmiyyətinə tanıtmaq isə bizim - bu ölkənin dostlarının üzərinə düşür.

İş adamı Moris Rosan Azərbaycanın zəngin tarixə, mədəniyyətə malik bir ölkə olduğunu vurğulayıb. Qeyd edib ki, dəfələrlə Bakıda olub və bu mədəni dəyərləri öz gözləri ilə görüb. M.Rosan Fransada Azərbaycan haqqında həm dövlət rəsmiləri, həm də sadə insanlar arasında dolğun təəssürat yaratmağa çalışdıqlarını bildirib. Xüsusilə də gənc nəslin ölkəmizi daha yaxından tanımasını istədiklərini diqqətə çatdırıb. Bu baxımdan tələbə mübadiləsi, qarşılıqlı səfərlər və oxşar layihələrin reallaşdırılmasının vacibliyinə toxunub. M.Rosan deyib: “İş adamlarını Azərbaycana dəvət edirik. İnanıram ki, onlar Azərbaycana səfər etsələr, bu ölkənin iqtisadi imkanlarını, sabitliyini öz gözləri ilə görsələr iqtisadi əlaqələrdə böyük artıma nail ola bilərik”.

Azərbaycanın Dostları Assosiasiyasının toplantısında iştirakçılara Dağlıq Qarabağ həqiqətləri, erməni terroru ilə bağlı ətraflı məlumat verilib. İclasda təşkilatın 2017-ci il üçün fəaliyyət planı təsdiq edilib. Baş Assambleyanın iclasına gələn yerli ictimaiyyət nümayəndələrinə Heydər Əliyev Fondu tərəfindən hazırlanan və milli mədəni dəyərlərimizi özündə əks etdirən broşürlər, jurnallar təqdim edilib.

Tədbir tanınmış pianoçu və bəstəkar Emil Əfrasiyabın ifasında caz konserti ilə yekunlaşıb.

azertag.az