Sankt-Peterburqun məşhur “Kovçeq” eksperimental teatrının direktoru Olqa Luçitskaya Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) olub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağının direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov qonağa teatrın tarixindən, səhnələşdirilən əsərlərdən və beynəlxalq teatr əlaqələrinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
M.Həmidov rəhbərlik etdiyi teatrın layiq görüldüyü mükafatlar, xarici ölkə teatrları ilə yaradıcılıq münasibətləri haqqında ətraflı məlumat verib. O, Azərbaycan teatrının hazırda intibah dövrünü yaşamasını, ölkə rəhbərliyinin teatr sənətinə yüksək diqqət və qayğı göstərməsini diqqətə çatdırıb.
İşbirliyi haqqında fikir mübadiləsi aparan iki teatr rəhbəri gələcəkdə maraqlı bir layihəni həyata keçirməyin mümkünlüyünü qeyd ediblər.
Sankt-Peterburq teatrının rəhbəri Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarı ilə tanış olduğunu və bu ilin yaz-payız aylarında ADGTT-nin “Bir gecənin nağılı” tamaşasını Piter tamaşaçılarına təqdim etmək arzusunda olduğunu bildirib.
azertag.az