Yanvarın 24-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA-nın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində bu ilin ilk laboratoriya təlimi keçirilib.
IDEA-dan verilən məlumata görə, yanvar laboratoriyası qütb dairəsi və onun təbiəti mövzusuna həsr olunub. Buna uyğun olaraq, təlim zamanı “kiçik ekoloqlar”a Şimal və Cənub qütbü, onların təbiəti və iqlimi, qütb heyvanları, Antraktidanın coğrafiyası və s. izah olunub.
Təlimin gedişində uşaqlar mövzu ilə bağlı bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak etmiş, xüsusilə də onların geniş marağına səbəb olan "stəkanda göy qurşağı" adlı təcrübə əsnasında şimal şəfəqinin prototipini yaradaraq maraqlı məlumatlar əldə ediblər.
Yanvar laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, Şimal qütbü və Antarktidadakı buzlaqların əriməsi və buna səbəb olan amillərlə tanış olmaları baxımından əlamətdar olub.
Artıq 3 ildir ki, uğurla davam edən “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsinin növbəti təlimində, ənənəyə uyğun olaraq, IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim edib.
IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.
trend.az