Mükəmməl obrazlar qalereyası yaradan qüdrətli sənətkar
27.1.2017

Yanvarın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq Artisti İsmayıl Dağıstanlının 110 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Milli Dram Teatrının direktoru, Xalq Artisti Azərpaşa Nemət mükəmməl obrazlar qalereyası yaradan qüdrətli aktyorun səhnə fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, İsmayıl Dağıstanlı Azərbaycan milli mədəniyyət tarixində parlaq iz qoymuş sənətkarlardandır. Onun teatrda və kinoda yaratdığı rəngarəng obrazlar tamaşaçılar tərəfindən hər zaman rəğbətlə qarşılanıb, milli mədəniyyətimiz qarşısındakı xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib.

Tədbirdə aktyorun səhnə fəaliyyətini əks etdirən film nümayiş olunub.

Nümayişdən sonra səhnəyə çıxan Xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov, Rafiq Əzimov, Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Kazımzadə və digərləri İsmayıl Dağıstanlının 1930-cu ildən başlayaraq Akademik Dram Teatrında, İrəvan Dram Teatrında, Dağıstanda təşkil etdiyi Azərbaycan teatrında rejissor və aktyor kimi xidmətlərindn söhbət açıblar.

Natiqlər 1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradan İ.Dağıstanlının “Şərqin səhəri”, “Mahnı dağlarda qaldı” və digər tamaşalarda, “Səbuhi”, “Sualtı qayıq”, “Abbas Mirzə Şərifzadə”, “Axşam konserti”, “Böyük dayaq”, “Koroğlu”, “Qara daşlar”, “Qatır Məmməd”, “Kölgələr sürünür” kimi filmlərdə yaratdığı obrazlarının bu gün də qızıl fondda mühafizə edilərək bir örnək kimi qorunub saxlandığını bildiriblər.

İ.Dağıstanlının Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər kafedra müdiri kimi çalışdığını, teatr sənəti və səhnə xadimləri haqqında monoqrafiyalar, kitablar nəşr etdirdiyini, gənc nəslin yetişməsində böyük xidmətləri olduğunu bildiriblər. Unudulmaz sənətkarın kino və teatr fəaliyyətindən söhbət açan xələfləri onun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərini yüksək dəyərləndiriblər.

Tədbirdə böyük sənətkara həsr edilmiş səhnəciklər nümayiş olunub.

azertag.az