“Etika və ictimai davranış mədəniyyətinin təbliği” layihəsinin icrası uğurla başa çatdırılıb
27.1.2017

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Etika və ictimai davranış mədəniyyətinin təbliği” layihəsinin icrası uğurla başa çatdırılıb.

Layihənin müəllifi Samir Pənəliyev bildirib ki, məqsəd yeniyetmələr və gənclər arasında etik mədəniyyət və ictimai davranış qaydalarının təbliği, dövlətin və cəmiyyətin mənafeyinin hər şeydən üstün tutulmasının vacibliyini onlara çatdırmaq olub. Paytaxtın Xətai, Nəsimi və Yasamal rayonlarını əhatə edən layihə çərçivəsində keçirilən tədbirlərdə iştirakçılara xalqımızın milli mənəvi dəyərləri, görkəmli tarixi şəxsiyyətləri, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası barədə ətraflı məlumat verilib.

Layihə rəhbəri bildirib ki, tədbirlərdə xalqımızın və ölkəmizin gələcək taleyinin gənclərin intellektual səviyyəsindən, vətənpərvər, savadlı, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik olmasından, öz tarixini, mədəniyyətini dərindən bilmələrindən asılı olduğu vurğulanıb. Bu baxımdan gənclərin sağlam vətəndaş kimi yetişmələrində belə layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.

S.Pənəliyev bu qəbildən layihələrin gələcəkdə də həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

azertag.az