Kiyevdə “Evrovision-2017” mahnı müsabiqəsinin püşkatma mərasimi keçiriləcək
27.1.2017

Yanvarın 31-də Kiyevdə “Evrovision-2017” mahnı müsabiqəsinin püşkatma və yarışın rəmzi açarının təqdimat mərasimi keçiriləcək.

Kiyev şəhər dövlət administrasiyasının “Sütunlu” zalında təşkil olunacaq tədbirdə ilk və ikinci yarımfinalda çıxış edəcək ölkə təmsilçiləri müəyyən olunacaq. Elə həmin gün Stokholmun şəhər şurasının prezidenti tərəfindən Kiyevin merinə yarışın rəmzi açarı təqdim ediləcək.

Tədbir Ukraynanın birinci kanalının canlı efirində, həmçinin telekanalın veb-saytında və “Youtube” kanalında yayımlanacaq.

Qaydalara əsasən “böyük beşlik” ölkələri - İspaniya, İtaliya, Britaniya, Fransa və Almaniya, həmçinin ev sahibi olan Ukrayna təmsilçiləri birbaşa finalda çıxış edəcəklər. Digər 37 ölkə isə iki yarımfinal müsabiqələri üzrə bölüşdürüləcək. Hər yarımfinaldan 10 ölkə finala vəsiqə qazanacaq. Püşkatmanın qaydalara uyğun keçirilməsinə mahnı müsabiqəsinin müşahidə şurası nəzarət edəcək.

Xatırladaq ki, “Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi Kiyevdə mayın 13-də, yarımfinallar isə mayın 9-da və 11-də keçiriləcək.

Azərbaycanı “Eurovision-2017”də Diana Hacıyeva təmsil edəcək.

azertag.az