Diqqət! Daimi yorğunluq qaraciyər xəstəliyinin simptomu ola bilər
27.1.2017

Qaraciyəri "lal" orqan adlandırırlar. Məsələ burasındadır ki, qaraciyərdə sinir ucları yoxdur və bu səbəbdən hətta çox ciddi pozulmalar zamanı qaraciyər "susur" - ağrımır və heç bir digər ciddi simptomla pozulma haqqında xəbər vermir.
Nəticədə qaraciyər xəstəlikləri əksər hallarda çox gec aşkar olunur. Lakin bəzi simptomlar var ki, bu simptomlar qaraciyərdə olan problemlərə işarə edir . Bu simptomları mütləq bilmək lazımdır.
Belə ki, əgər sizi uzun müddət ərzində səbəbsiz yorğunluq, yuxululuq, zəiflik, apatiya (həyata marağın itməsi) kimi simptomlar narahat edirsə, mütləq qaraciyərinizi yoxlayın. Qaraciyər orqanizmdə filtr funksiyanı yerinə yetirir - orqanizmə xarici aləmdən daxil olan və orqanizmin fəaliyyəti zamanı orqanizmin özündə əmələ gələn ziyanlı maddələri zərərsizləşdirir. Buna "detoksikasiya" deyilir. Qaraciyər öz funksiyalarını normal yerinə yetirmədikdə, ziyanlı maddələr orqanizmdə toplanmağa başlayır ki, bu da orqanizmin xroniki zəhərlənməsinə (intoksikasiya) səbəb olur. Xroniki intoksikasiya bütün orqanlara "vurur". Beyin xroniki intoksikasiyaya daimi səbəbsiz yorğunluq, yuxululuq, əhval-ruhiyyənin pisləşməsi, apatiya və s. kimi pozulmalarla reaksiya verir.
Digər qaraciyər xəstəliklərinin ilkin simptomları arasında:
- həzm proseslərinin pozulmaları (qarında köp, duru nəcis ifrazı)
- dəridə qaşınma, səpgilər, ləkələr, dərinin vəziyyətinin kəskin və səbəbsiz pisləşməsi
- ürəkbulanması
- iştahanın pozulması.
Özünüzdə bu simptomları müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin və lazım olan müayinələrdən keçin. Belə "ciddi olmayan" simptomlar çox ciddi qaraciyər xəstəliklərinin simptomları ola bilər.

saglamolun.az