Yanvarın 30-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Təhsilin sosial–iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
Tədbirdə dövlət qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ictimai xadimlər iştirak edirlər.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, UNEC-in rektoru, professor Ədalət Muradov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai mövzu ilə bağlı çıxış edib, təhsilin inkişaf istiqamətləri barədə danışıblar.
Yanvarın 31-dək davam edəcək konfrans çərçivəsində “Təhsil və sosial-iqtisadi inkişaf”, “Təhsil sektorunun inkişafı: qlobal meyillər, mütərəqqi təcrübələr və islahatlar”, “Tədrisin keyfiyyətinin idarə edilməsinə yeni yanaşma” mövzularında panellər təşkil ediləcək. İclaslarda yerli və xarici ekspertlərin məruzələri dinləniləcək.
azertag.az