Yazıçı Kamal Abdullanın yeni kitabı işıq üzü görüb.
Azərbaycan Yaradıcılıq Fondundan verilən məlumata görə, “Edam vaxtını dəyişmək olmaz” adlı kitabda müəllifin indiyədək çap olunmuş və olunmamış hekayələri yer alıb. Onları birləşdirən bədii-estetik xətt mahiyyət etibarilə müəllifin bütün bədii yaradıcılığından keçir.
“Edam vaxtını dəyişmək olmaz” hekayələr kitabının redaktoru Əliş Mirzallı, ön sözün müəllifi tanınmış teatrşünas, tənqidçi Aydın Talıbzadədir.
Kitabda Kamal Abdullanın “Qar”, “Uçuş”, “Adaşlar”, “Platon, deyəsən, xəstələnib”, “Sirri-zəmanə”, “Mağara”, “Korneliusun ölümü”, “Mənə uçmağı öyrət”, “Kölgə”, “Göyəzən dağının ilahəsi”, “Sağlıq”, “Edam vaxtını dəyişmək olmaz”, “Səsimdən yapış”, Hacı Mir Həsən ağa Səyyah” hekayələri yer alıb.
Öz sözün müəllifi Aydın Talıbzadə qeyd edib ki, Kamal Abdullanın hekayələr kitabı uçmaq və uçanlar haqqındadır: “O isə götürüb toplumu adlandırıb “Edam vaxtını dəyişmək olmaz”. Hm... Qəribədir, deyilmi? Ad detektiv tapançası kimi sərlövhədən birbaşa tuşlanır adamın gicgahına. Əslində isə heç elə deyil. Bu hekayələri mən “quyu hekayələri” adlandırardım, “səssiz hekayələr” adlandırardım. Vaxt edam olunanda səslər kəsilir”.
Aydın Talıbzadə vurğulayıb ki, yazıçının əsl hədəfi hekayələr uydura-uydura, uydurduğunu sözlər harmonasiyasında təsvirləyə-təsvirləyə, təsvir etdiyini bədii bütövcəyə çevirə-çevirə “yox olmaq” və göylərə uçmaqdır: “Nirvana.. Hekayələrində Kamal vaxtı dayandırmağı xoşlayır, “təkcənəlik dünyası”nı xoşlayır, özünə “enib” keçmişi özündə vərəqləməyi xoşlayır. “Yarımçıq əlyazma”lar Kamal Abdullanın içindədir”.
report.az