“Qırmızı bağ” tammetrajlı bədii filmi və “4.1 Şəhər Motivləri” kinoalmanaxına daxil olan “Qonşu qadın”, “Kədərim”, “Yuxarıda və aşağıda”, “Dmitrov küçəsi 86” qısametrajlı bədii filmlərinin Bolqarıstanın 9-cu “Sofia MENAR” Beynəlxalq Film Festivalında nümayişləri baş tutub. Sofiya şəhərində təşkil olunan festivalda filmlərimiz “Fokusda: Mərkəzi Asiya və Azərbaycan” proqramı çərçivəsində nümayiş olunub.
Festival çərçivəsində Azərbaycan filmi gecəsi təşkil edilib. Gecədə Bolqarıstanın dövlət və hökumət nümayəndələri, deputatlar, bu ölkənin aparıcı QHT və KİV təmsilçiləri, Sofiyada akkreditə olunan diplomatik korpusların rəhbərləri, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və üzvləri iştirak ediblər. Gecədə ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış edib.
Qeyd edək ki, Azərbaycan filmlərinin ilk dəfə iştirak etdiyi festival regionun ən diqqətəlayiq yeni ekran əsərlərini Avropa tamaşaçısına çatdırır, yerli auditoriyanı İslam dünyasının iddiali audiovizual əsərləri ilə tanış edir. “MENAR” film festivalı Balkan regionunda İslam mədəniyyətini nümayiş etdirən ən böyük tədbir hesab olunur. 2009-2016-cı illər ərzində təşkil olunan festivallarda Yaxın Şərq, Mərkəzi Asiya və Şimali Afrika regionundan 300-dən çox film nümayiş etdirilib.
azertag.az