Azərbaycan Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində keçirilən “İmzalı görüş” layihəsi üzrə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, yazıçı Hikmət Babaoğlu ilə görüş keçirilib.
Fondun İnformasiya təminatı sektorundan verilən məlumata görə, tədbirdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Milli Məclisin üzvü Aydın Hüseynov, ASAN könüllülərinin bir qrupu, Yeni Azərbaycan Partiyasının Binəqədi və Nərimanov Rayon Gənclər Təşkilatlarının üzvləri iştirak ediblər.
Qonaqları salamlayan O.Səmədov Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində gördüyü işlər barədə məlumat verib, “İmzalı görüş” layihəsi üzrə gənclərin yazarlarla təşkil olunmuş görüşlərindən danışıb. O.Səmədov deyib ki, yeniyetmələrin və gənclərin mütaliəyə marağını stimullaşdırmaq üçün onların çağdaş dövrün tanınmış simaları ilə görüşlərinin təşkili vacibdir.
Çıxış edənlər - “Səs” qəzetinin baş redaktoru B.Quliyev, Milli Məclisin üzvü A.Hüseynov H.Babaoğlunun jurnalist, politoloq, pedaqoq, yazar kimi yaradıcılığından danışıblar, qeyd olunub ki, oxucuların əsərlərin müzakirəsinə, belə tədbirlərdə fikir mübadiləsinə qatılması həm onların dünyagörüşünün inkişafına müsbət təsir göstərir, həm də yazarları və araşdırmaçıları yaradıcılığa sövq edir.
H.Babaoğlu son dövrlər yazdığı əsərlər barədə tədbir iştirakçılarına məlumat verib, gənclərin çoxsaylı suallarını cavablandırıb.
Sonda müəllif imzalı kitablarını görüş iştirakçılarına hədiyyə edib.
“İmzalı görüş” layihəsi çərçivəsində Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas, yazıçı-publisist Rəşad Məcid, Xalq yazıçısı Çingiz Abdullayev, şair-tərcüməçi Səlim Babullaoğlu, uşaq yazarları Sevinc Nuruqızı, Aygün Bünyadzadə və Mehriban Nağıyeva ilə görüşlər keçirilib.
trend