Bakı Ali Neft Məktəbinin tədris mərkəzində yeni sistem qurulub
31.1.2017

“Schneider Electric” şirkətinin Azərbaycandakı nümayəndəliyi Bakı Ali Neft Məktəbində (BANM) texnoloji proseslərin təhlükəsizliyini təmin etmək üçün instrumental vasitə olaraq Tricon (SIL-3) əsasında “Triconex Demo” avtomatlaşdırılmış sistemini qurub.

BANM-dən bildirilib ki, “Schneider Electric” şirkəti ilə birgə yaradılan tədris mərkəzində bu sistemdən istifadə etməklə həm tələbələr, həm də SOCAR-ın mütəxəssisləri üçün təlim proqramları nəzərdə tutulub.

Tədris mərkəzinin bu qurğu ilə təmin olunması təlimlərin keçirilməsi ilə yanaşı, burada tədrisə texniki və elmi-metodik dəstəyin verilməsi məqsədi daşıyır. Bu, təlimlərdə iştirak gələcək mühəndislərə və neft şirkətinin işçilərinə “Triconex Demo” sistemi haqqında əsas biliklər əldə etməyə imkan verəcək. Həmçinin mütəxəssislər mərkəzdə texnoloji proseslərin təhlükəsizliyinin avtomatlaşdırılması sahəsində ən müasir texnologiyalarla tanış olacaq və təhlükəsizlik texnikası sahəsində öz biliklərini artıracaqlar.

“Triconex Demo” istehsalatda, o cümlədən neft-qaz müəssisələrində texnoloji proseslərin təhlükəsizliyinin təmin edilməsi və qəzaların qarşısının alınması üçün müasir bir sistemdir. Qəzalara avtomatlaşdırılmış nəzarət sistemi 30 ilə yaxın istismar müddətində qurğularda nasazlığın yaranmasının qarşısını alır. “Triconex Demo” sistemi qəza zamanı sistemin söndürülməsi, yanğından və qazdan qorunma, yanmanın idarə edilməsi, qazan və turbinlərin qorunması, nüvə təhlükəsizliyinə nəzarət, yüksək etibarlı qoruyucu təzyiq alt sistemlərindən ibarətdir.

“Schneider Electric” şirkətinin Mərkəzi Asiya ölkələri üzrə prezidenti Əmrah Təkdəmirin sözlərinə görə, təmsil etdiyi şirkət Azərbaycan hökumətinin ölkəni müasir texnologiyalar, avadanlıqlar və xidmətlərlə təmin olunması səylərini hərtərəfli dəstəkləməyə çalışır. “Bu gün tələbələrə və yerli mütəxəssislərə müasir biliklərin və təcrübənin əldə olunmasında kömək göstərərək biz onlar üçün həmin biliklərin və texnologiyaların Azərbaycanda gələcəkdə reallaşdırılacaq layihələrdə istifadə olunmasına imkan yaradırıq. Ümid edirik ki, “Triconex Demo” sisteminin BANM-də istifadəyə verilməsi həmin məqsədə nail olunmasında və gələcək mühəndislərin hazırlanmasında fayda verəcək”, - deyə Əmrah Təkdəmir bildirib.

azertag.az